IV Şuşa Qlobal Media Forumu Azərbaycanın müstəqilliyinin 35 illiyinə təsadüf edən mühüm bir tədbirdir. Bu forum təkcə tarixi deyil, həm də böyük ictimai-siyasi əhəmiyyət daşıyan hadisədir və bu gün Azərbaycanın keçdiyi inkişaf yolunun, formalaşdırdığı dövlətçilik modelinin göstəricisidir. Çünki Azərbaycan 35 il ərzində vətəndaş müharibəsi təhlükəsindən vətəndaş cəmiyyətinin qurulmasına qədər uzanan çətin, keşməkeşli, lakin şərəfli bir inkişaf yolu keçib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni deyib.
“Azərbaycan bu gün müasir, müstəqil siması ilə dünyaya nümunə göstərilən ölkələrdən biridir. Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın əsaslarını qurarkən, onu möhkəmləndirərkən və inkişaf etdirərkən azərbaycançılıq məfkurəsini dövlət ideologiyasının təməli kimi formalaşdırdı və bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dünyəvi dövlətdir. Biz beynəlxalq hüquqa, bəşəri dəyərlərə hörmətlə yanaşan xalq və dövlətik. Məqsədimiz bütün dünya ilə əməkdaşlıq və tərəfdaşlıq etməkdir. Lakin bununla yanaşı, dünyanın da Azərbaycanın haqqını tanımasını istəyirik”, – deyə o bildirib.
R.Zeyni əlavə edib ki, ölkədə iqtisadi, hərbi və sənaye quruculuğu ilə yanaşı, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində də ardıcıl addımlar atılıb. Müstəqilliyimizin 35 illik zirvəsindən baxdıqda, IV Şuşa Qlobal Media Forumu olduqca əhəmiyyətli, çoxşaxəli və məzmunlu bir tədbirdir. Forum çərçivəsində Prezident İlham Əliyevin iki saat yarımdan artıq davam edən görüşdə çoxsaylı sualları ətraflı cavablandırması Azərbaycanın dünyaya təqdim etdiyi siyasi kimliyin, dövlətçilik modelinin və beynəlxalq nüfuzunun bariz göstəricisidir.
“Vaxtilə Azərbaycan informasiya blokadası şəraitində yaşayırdı. Xarici media orqanları ölkəmiz haqqında istədikləri məlumatları yayır, hadisələri birtərəfli təqdim edirdilər. Bu gün isə həmin media nümayəndələri Şuşaya gəlir, Prezident İlham Əliyevlə birbaşa ünsiyyətdə olur, istənilən mövzu ilə bağlı sərbəst şəkildə suallarını ünvanlayır və dolğun cavablar alırlar. Onlar dövlət başçısı ilə səmimi görüşür, şəkillər çəkdirirlər. Bütün bunlar Azərbaycanın qazandığı böyük uğurun, tarixi nailiyyətin və beynəlxalq nüfuzunun göstəricisidir”, – deyə QHT sədri vurğulayıb.
