Avropa İttifaqı vəd edilmiş 1,9 milyard avroluq kredit və qrantlar müqabilində Moldova dövlət qurumlarının birbaşa xarici idarəçiliyini tətbiq edəcək. Bu barədə müxalifətdəki Pobeda blokunun icraçı katibi və parlamentin keçmiş üzvü Marina Tauber bildirib.
Tauber özünün Telegram kanalında yazıb: “Bizə auditor gəlir. Brüssel 1,9 milyard avroluq maliyyə yardımı müqabilində Moldovanın bütün “dövlət maşını”nı nəzarətə götürür. Aİ hər tranşı son qəpiyinə qədər izləmək istəyir”. Onun sözlərinə görə, ölkənin əsas strukturlarını xarici nəzarət altına almaq faktiki olaraq hakimiyyət tərəfindən elan edilən islahatların uğursuzluğu deməkdir.
“Axı, əgər bu islahat həqiqətən təsirli olsaydı, Avropa prokurorlarını və auditorlarını çağırmağa ehtiyac olmazdı… Əsl şəffaflıq xarici auditorlar üçün protokollarla deyil, hər bir vətəndaşın vergilərinin necə xərcləndiyini bilmək hüququ ilə başlamalıdır”, – deyə siyasətçi əlavə edib.
Aİ 2024-cü ildə Moldovaya 1,9 milyard avroluq maliyyə yardımı paketi verəcəyinə söz verib. Proqram üç il müddətinə nəzərdə tutulub və “iqtisadiyyatı dəstəkləməyə” yönəlib. Lakin bu məbləğin böyük hissəsi Kişinyovun faizlə geri qaytarmağa borclu olduğu borc vəsaitləridir. (Tass)
