Aİ və ya ABŞ-dan Gürcüstana gürcü xalqının özündən başqa heç kim gəlməyəcək və respublikanın maraqlarını müdafiə etməyəcək. Bunu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
“Mən dəfələrlə demişəm, bir daha təkrar edirəm: heç kim düşünməsin ki, Avropadan və ya Amerikadan kimsə bizim maraqlarımızı qorumaq üçün bizə gələcək. Hər kəsin öz maraqları var, hər kəs öz ölkəsini düşünür və təbii ki, biz gürcülər ilk növbədə ölkəmizi, xalqımızı, gələcəyimizi düşünməliyik”, – Kaladze jurnalistlərə deyib.
O, bir daha xatırladıb ki, Qərb dövlətləri Gürcüstan hakimiyyətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb, Avropa Parlamenti buna cavab olaraq çoxsaylı qətnamələr qəbul edib. “Bizi necə tənqid və birbaşa təhdid etdiklərini, qətnamələrin qəbul edildiyini, sanksiyalar tətbiq etməklə ölkəmizə, iqtisadiyyatımıza və xalqımıza zərər vurmağa çağırışlar edildiyini xatırlayırsınız və onlar (Qərb ölkələri ) bundan istifadə etməli idilər. Bunlar tipik ikili standartlardır. Hər kəs öz maraqlarından çıxış edir”, – siyasətçi əlavə edib. (Tass)
