16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

TƏBİB dövlət xəstəxanalarında monitorinqlərə başladı

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində genişmiqyaslı yoxlamalara başlanılıb.

Teleqraf xəbər verir ki, bu məqsədlə TƏBİB-in müvafiq struktur bölmələrinin nümayəndələrindən ibarət müştərək komissiyalar tərəfindən həm planlı, həm də növbədənkənar monitorinqlər həyata keçirilir.

Komissiyalar tərəfindən tibb müəssisələrində vahid tibbi standartların tətbiqi, tibbi sənədləşmənin düzgün aparılması və klinik protokollara əməl olunması yoxlanılır. Eyni zamanda, işçi heyətinin ştat cədvəlinə uyğunluğu, əmək müqavilələri, kadr sənədlərinin təhlili, işçilərin peşə hazırlığı, sertifikasiya prosesləri və iş yükü ciddi şəkildə təhlil edilir.

Rəsmi məlumata görə, 2026-cı ilin aprel ayından etibarən bir çox irimiqyaslı tibb müəssisəsində, o cümlədən Sabunçu, Xəzər, Binəqədi (Ə.D.Məlikov adına), Sumqayıt, Abşeron, Ağdam, Qusar, Şamaxı, İmişli və Biləsuvar Rayon Mərkəzi Xəstəxanalarında, Respublika Klinik Xəstəxanasında, Respublika Kliniki Uroloji Xəstəxanasında, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində, həmçinin 9 və 11 nömrəli poliklinikalarda yoxlamalar aparılıb.

Aparılmış yoxlama və araşdırmaların ilkin hüquqi nəticələri açıqlanıb:

9 əməkdaşın əmək müqaviləsinə nöqsanlara görə xitam verilib;

31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib;

5 araşdırmanın nəticəsi üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında analoji yoxlama tədbirləri həyata keçirilir. Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.