ABŞ və İran arasındakı münaqişə səbəbindən yanacaq, nəqliyyat və ərzaq idxalının artması fonunda may ayında Dubayda istehlak qiymətlərinin artımı 5,5%-ə çatıb. Bu barədə Əmirliklərin ” The National” qəzeti Emirates NBD Bank-ın hesabatına istinadən məlumat yayıb.
Bankın baş iqtisadçısı Den Riçards bildirib ki, “İllik inflyasiyanın iyun ayında bir qədər artacağını və daha sonra iyul ayından etibarən mülayimləşəcəyini gözləyirik, çünki neft qiymətlərinin aşağı düşməsi və nəqliyyat axınlarının yaxşılaşması idxala qiymət təzyiqini azaldır”.
Maliyyə qurumunun məlumatına görə, may ayı göstəricisi proqnozlaşdırılan 5,4%-dən bir qədər yüksək olub və münaqişənin ən qızğın vaxtında aprel ayında qeydə alınan 4,8%-i əhəmiyyətli dərəcədə üstələyib. Riçards inflyasiyanın dekabr ayına qədər illik müqayisədə 2,9%-ə qədər azalacağını proqnozlaşdırır.
Çərşənbə axşamı günü BƏƏ hökumət komitəsi qlobal qiymətlərin düşməsi səbəbindən benzinin pərakəndə satış qiymətlərini 14%, dizel yanacağının isə 17% endirdi. Münaqişənin ən qızğın vaxtında ölkədə əsasən subsidiyasız olan benzinin qiyməti 60% artdı. Hazırda qiymətlər yanvar ayı səviyyəsindən təxminən 35% yuxarı olaraq qalır.
Ekspert əlavə edib ki, “istehlak səbətinin ən böyük komponenti olan mənzil və kommunal xidmətlər 37,5% payla qiymət təzyiqinin daimi mənbəyi olaraq qalır”. (Tass)
