Tovuz döyüşləri mahiyyət etibarilə 44 günlük Vətən müharibəsindən əvvəl Azərbaycanın hərbi hazırlığını, xalqın birlik və mübarizə əzmini nümayiş etdirən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Ermənistanın hücum cəhdi təkcə sərhəd bölgəsində hərbi vəziyyəti gərginləşdirmək məqsədi daşımırdı. Bu təxribat, eyni zamanda, Azərbaycanın enerji strategiyasına, beynəlxalq neft və qaz kəmərlərinə, eləcə də ölkənin Qərbə açılan əsas nəqliyyat-kommunikasiya marşrutlarına qarşı yönəlmiş təhlükə idi.
Lakin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanının qarşıya qoyduğu tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsi nəticəsində Azərbaycan Ordusu düşmənin bütün cəhdlərinin qarşısını qətiyyətlə aldı. Bu qələbə 44 günlük Vətən müharibəsində əldə olunacaq tarixi Zəfərin mühüm hərbi və mənəvi təməlini formalaşdırdı.
Bunu AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.
Ekspertin sözlərinə görə, Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu yalnız hərbi qələbə qazanmadı, həm də qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. Döyüşlərin ən ağır məqamlarında ön xətdə şəxsi heyətlə birlikdə vuruşan Azərbaycanın Milli Qəhrəmanları – general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onların fədakarlığı, cəsarəti və sarsılmaz iradəsi Azərbaycan hərb tarixində əbədi iz qoydu, xalqın mübarizə ruhunu daha da gücləndirdi. Polad Həşimov və İlqar Mirzəyevin əziz xatirəsi sonradan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə aparan yolun mənəvi simvollarından birinə çevrildi.
“Tovuz döyüşləri, həmçinin Azərbaycan Ordusunun mürəkkəb dağlıq relyef şəraitində uğurla həyata keçirdiyi hərbi əməliyyatlardan biri hesab olunur. Həmin əməliyyatın əsas xüsusiyyətlərindən biri quru qoşunları və raket-artilleriya bölmələrinin koordinasiyalı fəaliyyəti idi. Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində müxtəlif qoşun növləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr geniş şəkildə iştirak etsə də, Tovuz istiqamətində əsas yük quru qoşunları və artilleriya bölmələrinin üzərinə düşmüşdü.
Düşmən atəşkəs rejimindən sui-istifadə edərək gecə saatlarında, dumanlı hava şəraitində mövqelərini irəli çəkməyə, ölkənin Qərbə çıxışını təmin edən strateji nəqliyyat dəhlizinə nəzarəti ələ keçirməyə cəhd göstərirdi. Lakin Azərbaycan Ordusu bu planların qarşısını qətiyyətlə aldı. Şəxsi heyətin peşəkarlığı, yüksək döyüş ruhu və düzgün taktiki qərarlar nəticəsində say üstünlüyünə malik düşmən qüvvələrinə ağır zərbələr endirildi və onların hücum planı tamamilə iflasa uğradıldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə E.Hüseyn bildirib.
