İyulun 16-da “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə Tovuz döyüşlərinin 6-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə İctimai Birliyin sədri, jurnalist Şamil Sabiroğlu, Milli Məclisin deputatları Ceyhun Məmmədov, professor Rövşən Muradov, general – mayor, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Polad Həşimovun bacısı Kəmalə Paşayeva və başqaları çıxışlarında Tovuz döyüşlərinin Azərbaycanın müasir tarixində və Vətən müharibəsinə aparan yolda mühüm rol oynadığını vurğulayıblar. Digər çıxış edənlər də şəhidlərin qəhrəmanlığından bəhs edərək, onların xatirəsinin daim ehtiramla anılacağını bildiriblər.
Qeyd olunub ki, 2020-ci il iyulun 12-də başlayan Tovuz döyüşlərində Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını qətiyyətlə alıb. Bu döyüşlər xalqın mübarizə əzmini gücləndirərək sonrakı tarixi Zəfərə gedən yolun mühüm mərhələlərindən biri olub.
Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda kompozisiya təqdim edilib.
