Amerika Birləşmiş Ştatları iyun ayında Azərbaycanla regional enerji inteqrasiyası ilə bağlı məhsuldar müzakirələr aparmağı səbirsizliklə gözləyir. Bu barədə ABŞ Prezidenti Donald Trampın Bakı Enerji Həftəsinin açılışı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı mesajda bildirilir.
“Məlum olduğu kimi, regional enerji inteqrasiyası 8 avqust 2025-ci ildə Vaşinqtonda (ABŞ, Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin iştirakı ilə) keçirilən tarixi sülh sammitinin əsas sütunlarından biridir. Mənim administrasiyam iyun ayında bu mövzu ilə bağlı məhsuldar müzakirələr aparmağı səbirsizliklə gözləyir”, – deyə Azərbaycan dövlət başçısının saytında dərc olunmuş mesajda bildirilir.
Mesajda deyilir: “Birlikdə sülhü təşviq edəcəyik, rifahı gücləndirəcəyik və bölgəniz və dünya üçün daha təhlükəsiz bir gələcək yaradacağıq”.
Tramp həmçinin vurğulayıb ki, ABŞ həmişə Azərbaycanın neft və qaz sənayesinə böyük dəstək verib. “Qəti şəkildə inanıram ki, qlobal enerji təhlükəsizliyində fundamental tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaq”, – deyə mesajda qeyd olunub. (Tass)
