ABŞ prezidenti Donald Tramp deyib ki, Venesuela hakimiyyəti ABŞ-dan deportasiya edilən bütün vətəndaşlarını qəbul etməli, əks təqdirdə nəticələri ilə hədələyib.
Truth Social-da yazdığı kimi, ABŞ Venesuelanın “bütün məhbusları və ruhi xəstəxanalardakı insanları dərhal qəbul etməsini” istəyir. O hesab edir ki, bu, Venesuela rəhbərliyinin “ABŞ-a gəlməyə məcbur etdiyi” şəxslərə aiddir. “Bu canavarlar minlərlə insana ciddi ziyan vurub, hətta öldürüblər. Onları indi bizim ölkədən çıxarın, yoxsa hədsiz qiymət ödəyəcəksiniz”, – Tramp əlavə edib.
Vaşinqton administrasiyası dəfələrlə Venesuela rəhbərliyindən ABŞ-dan deportasiya edilmiş vətəndaşlarını qəbul etməyi tələb edib, imtina edəcəyi təqdirdə Karakasa qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. Ağ Ev əvvəllər Venesuela hakimiyyətinin transmilli cinayətkar qrup Tren de Araquanın üzvlərini qəsdən ABŞ-a göndərdiyini iddia edib.
Bundan əvvəl Venesuela prezidenti Nikolas Maduro ABŞ-ı Bolivar Respublikasında onun təbii sərvətlərini ələ keçirmək üçün oyuncaq rejim qurmaq cəhdində ittiham edib. O, ABŞ-ın bu məqsədə çatmaq üçün Karib dənizində döyüş gəmiləri və nüvə sualtı qayığı topladığını və Venesuelaya qarşı saxta ittihamlar irəli sürdüyünü iddia edib. O, əvvəllər dəfələrlə bəyan etmişdi ki, ölkə son 100 ildə ABŞ-ın ən ciddi işğalı təhlükəsi ilə üz-üzədir. (Tass)
