ABŞ prezidenti Donald Tramp İranı ABŞ ilə atəşkəsi pozmaqda günahlandırdı.
Amerika lideri “Truth Social”da yazıb ki, İran “Hörmüz boğazından keçən gəmilərə qarşı ən azı dörd kamikaze hücum dronunu” işə salıb. Trampın məlumatına görə, bu dronlardan biri yük gəmisinə dəyib. ABŞ prezidenti bəyan edib ki, “bu, əlbəttə ki, atəşkəs razılaşmamızın çox axmaqcasına pozulmasıdır”.
O, hələlik İrana qarşı heç bir təhdid irəli sürməyib.
İranın dövlət televiziyasının əvvəllər xəbər verdiyi kimi, üç xarici tanker Tehranın icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd edib. Onlar İran Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və istiqamətini dəyişməyə məcbur edilib. Bu məlumatlara görə, tankerlər cənub dəhlizi vasitəsilə boğazdan keçməyə cəhd ediblər, lakin xəbərdarlıq aldıqdan sonra Fars körfəzinə qayıdıblar.
