Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət kursu nəticəsində müxtəlif ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsi regionun geosiyasi və geoiqtisadi mənzərəsində yeni reallıqlar formalaşdırıb. Bu reallıqlar fonunda Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz beynəlxalq ticarət, logistika və iqtisadi inteqrasiya baxımından dünyanın diqqət mərkəzində olan marşrutlardan birinə çevrilib. Bu prosesdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji müttəfiqlik münasibətləri dəhlizin inkişafına mühüm töhfə verir və regional əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri, siyasi ekspert Bilal Dündar bildirib.
B.Dündar qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycanın Avropa, Asiya, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə qurduğu strateji tərəfdaşlıq münasibətləri nəqliyyat, enerji, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanları yaradır.
Onun sözlərinə görə, dünya iqtisadiyyatında müşahidə olunan dəyişikliklər, qlobal təchizat zəncirlərinin şaxələndirilməsi və təhlükəsiz logistika marşrutlarına artan ehtiyac Orta Dəhlizin strateji əhəmiyyətini daha da yüksəldib. Azərbaycan isə müasir nəqliyyat infrastrukturu, beynəlxalq dəniz limanı, dəmir yolu şəbəkəsi və rəqəmsallaşdırılmış gömrük sistemi ilə bu marşrutun ən etibarlı iştirakçılarından biri kimi çıxış edir: “Azərbaycanın strateji tərəfdaşlarının sayının artması Orta Dəhlizə beynəlxalq marağın daha da yüksəlməsinə səbəb olur. Bu gün bir çox ölkələr Azərbaycanı etibarlı tərəfdaş və mühüm tranzit mərkəzi kimi qəbul edir. Bu isə ölkənin beynəlxalq iqtisadi layihələrdə rolunu daha da gücləndirir. Azərbaycan ilə Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlər yalnız siyasi və hərbi sahədə deyil, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, təhsil və humanitar istiqamətlərdə də sürətlə inkişaf edir”.
Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu xatırladan Bilal Dündar bildirib ki, bu sənəd regional əməkdaşlığın dərinləşdirilməsi üçün də mühüm hüquqi və siyasi baza yaradıb.
Mərkəz sədrinin sözlərinə görə, Orta Dəhlizin inkişafı Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, logistika mərkəzləri və gömrük prosedurlarının sadələşdirilməsi yükdaşımaların sürətini və səmərəliliyini artıraraq Avropa ilə Asiya arasında ticarətin inkişafına mühüm töhfə verir.
Onun fikrincə, bu marşrut boyunca yerləşən ölkələr arasında qarşılıqlı etimadın güclənməsi, yeni sənaye və logistika mərkəzlərinin yaradılması, rəqəmsal texnologiyaların tətbiqi və gömrük prosedurlarının uyğunlaşdırılması gələcək inkişaf üçün mühüm əhəmiyyət daşıyır.
“Türkiyə və Azərbaycan Orta Dəhlizin inkişafında lokomotiv rolunu oynayır. Qardaş ölkələrin birgə həyata keçirdiyi layihələr yalnız region dövlətlərinə deyil, Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə də mühüm töhfə verir. Bu əməkdaşlıq modeli artıq beynəlxalq səviyyədə uğurlu regional tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilir”, – deyə Bilal Dündar vurğulayıb.
O əlavə edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanın güclənməsi, üzv dövlətlər arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və ortaq layihələrin reallaşdırılması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq. Azərbaycanın artan strateji tərəfdaşlıq şəbəkəsi isə bu prosesə əlavə dinamizm qazandıracaq.
Bilal Dündar bildirib ki, Orta Dəhliz gələcək illərdə enerji təhlükəsizliyi, yaşıl enerji layihələri, rəqəmsal kommunikasiya xətləri, elektron ticarət və innovativ logistika həlləri baxımından da mühüm rol oynayacaq. Onun fikrincə, bu istiqamətlərdə Azərbaycan və Türkiyənin koordinasiyalı fəaliyyəti regionun iqtisadi inkişafını sürətləndirəcək və yeni investisiya imkanları yaradacaq.
Ekspert vurğulayıb ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, strateji tərəfdaşlarının çoxalması və Türkiyə ilə müttəfiqlik münasibətlərinin ardıcıl şəkildə inkişafı Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırır. O qeyd edib ki, iki qardaş ölkənin birgə səyləri nəticəsində Orta Dəhliz gələcəkdə Avrasiya məkanında iqtisadi əməkdaşlığın, dayanıqlı inkişafın və regional təhlükəsizliyin əsas dayaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirəcək.
