Ukraynalıların yarıdan çoxu (52,2%) hesab edir ki, Volodimir Zelenski bir prezidentlik müddəti ilə kifayətlənməli və növbəti seçkilərdə iştirak etməməlidir.
Ritorika.az xəbər verir ki, bu barədə “SOCIS” Sosial və Marketinq Tədqiqatları Mərkəzinin noyabrın ikinci yarısında keçirdiyi sorğunun nəticələri göstərir.
Mərkəzin açıqlamasında bildirilir ki, yetkin ukraynalıların 52,2%-i Zelenskinin 2019-cu ildə verdiyi vədə uyğun olaraq növbəti prezident seçkilərində iştirak etməməsinin tərəfdarıdır. Respondentlərin 42,8%-i isə əksinə, onun yenidən namizəd olmalı olduğunu düşünür. Sorğuda iştirak edənlərin 5%-i sualı cavablandırmaqda çətinlik çəkib.
Bundan əlavə, sorğu nəticələrinə əsasən, respondentlərin 60%-i Zelenskinin Ukraynada siyasi böhrana səbəb olan yüksək profilli antikorrupsiya istintaqında – iş adamı Timur Mindiç və digər şəxslərin adı keçən cinayət sxemlərinə görə – şəxsi məsuliyyət daşıdığını hesab edir.
Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb. Lakin Kiyev hərbi vəziyyət davam etdiyi müddətdə seçki keçirməyin mümkün olmadığını bildirir. Rusiya prezidenti Vladimir Putin isə Ukraynanın Konstitusiya Məhkəməsinin 2014-cü ildə prezidentlik müddətinin uzadılmasının mümkünsüzlüyü ilə bağlı qərarını nəzərə almadığını vurğulayaraq, Zelenskinin legitimlik müddətinin artıq başa çatdığını iddia edib.
Ritorika.az
