Azərbaycan kinosu tarixən görkəmli aktyorlarla yanaşı, korifey rejissorların sayəsində inkişaf tapıb. İstedadı, əməyi örnək olan, rejissor işində məktəb yaradan böyük sənətkarlardan biri də Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, ssenarist və aktyor Əjdər İbrahimovdur.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli kinorejissorun anadan olmasından 107 il ötür.
Əjdər İbrahimov 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmlərində ikinci rejissor işləyib. Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və “Mosfilm”lə bu studiyanın birgə ekranlaşdırdığı “Bir məhəlləli iki oğlan” filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə “Onun böyük ürəyi” filmini çəkib. Film Sumqayıt haqqında, burada gedən quruculuq işləri barədə idi. Süjetdə İkinci Dünya müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilib. Burada rejissor özü də Rəsulov rolunda çəkilib.
O, “İyirmialtılar” filmini də ekranlaşdırıb. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında “Qızıl budaq” mükafatına layiq görülüb. Əjdər İbrahimov həmin filmin davamı kimi “Ulduzlar sönmür” tarixi kino əsərini yaradıb. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.
Ə.İbrahimov sonralar “Mosfilm”də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” filmləri rejissorun şöhrətini daha da artırır.
Rejissor, eyni zamanda, “Vyetnamda gördüklərim”, “Günəş ağlayır”, “Döyüşən Vyetnamın kino sənəti” və s. kitabların müəllifidir.
Böyük sənətkar 1993-cü il sentyabrın 20-də dünyasını dəyişib.
