“Report” AAM-ə istinadən xəbər verir ki, hazırda şirkət müvafiq tədqiqatların aparılması üçün “Worley Europe Limited” ilə müqavilənin rəsmiləşdirilməsini başa çatdırır.
Qeyd olunub ki, TİƏ çərçivəsində “Xarxar” və “Qaradağ” yataqlarında misin topa aşındırma və həlledici ekstraksiyası, ardınca isə elektroliz (SX-EW) üsulu ilə emalı variantları öyrəniləcək. Texnologiya mis konsentratının sonradan xaricdə emal edilmək üçün buraxılması əvəzinə, mədəndə birbaşa əmtəə misi istehsal etməyə imkan verir.
“Bu, Azərbaycanda misin hazır metal məhsulu şəklində istehsalı imkanının nəzərdən keçirildiyi ilk haldır”, – məlumatda bildirilib.
AAM-in planlarına əsasən, “Xarxar” yatağı üzrə TİƏ 2027-ci ilin ortalarında, “Qaradağ” yatağı üzrə isə 2028-ci ilin birinci yarısında başa çatdırılacaq.
Paralel olaraq AAM 2026-2027-ci illərdə ümumi həcmi 90 min metr olan qazma proqramını, o cümlədən TİƏ-nin hazırlanması çərçivəsində təxminən 55 min metr kəşfiyyat və 35 min metr qazma işlərini həyata keçirmək niyyətindədir. “Xarxar” yatağında qazma işlərinə artıq başlanılıb, “Qaradağ” yatağında isə 2026-cı ilin üçüncü rübündə start veriləcək.
“Kəşfiyyat işləri “Xarxar” və “Qaradağ”dakı yataqların, eləcə də ətraf ərazilərdə, “Dəmirli” və “Dəmirli-Cənub” mədənlərinin hədəf sahələrinin genişləndirilməsinə, “Gədəbəy” müqavilə sahəsində sonrakı qazma işlərinin aparılmasına yönələcək. Yatağın daha dərin qatlarının genişləndirilməsi yollarını müəyyən etmək və digər məqsədlərlə “Gilar” yatağında da yeraltı qazma işlərinə başlanılıb”, – məlumatda qeyd olunub.
Texniki-iqtisadi əsaslandırma çərçivəsində qazma işlərinə mineral ehtiyatların qiymətləndirilməsinin yenilənməsi üçün geoloji kəşfiyyat qazması, həmçinin “Xarxar” (təxminən 10 000 metr) və “Qaradağ” (təxminən 25 000 metr) sahələrində geotexniki, hidrogeoloji, metallurji və nəzarət qazmaları daxildir.
“Diqqətli seçimdən sonra, tərkibində bir milyon tondan çox mis olan və inkişaf strategiyamız üçün həlledici əhəmiyyət kəsb edən “Xarxar” və “Qaradağ” yataqlarının işlənməsinin TİƏ-sini həyata keçirmək üçün “Worley Europe Limited” şirkətini podratçımız təyin etməkdən məmnunuq. Bu tədqiqatlar müvafiq qazma proqramı ilə birlikdə bizə mədənlərin tikintisinə başlamağa imkan verəcək”, – “Anglo Asian Mining” şirkətinin vitse-prezidenti Stiven Vesthed bildirib.
“Worley Europe Limited” şirkəti baş qərargahı Avstraliyada yerləşən, energetika, kimya sənayesi və resurslar sahəsində ekspertlərdən ibarət qlobal “Worley” şirkətinin tərkibinə daxildir.
