Ümümdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekunları Azərbaycanın qlobal urban gündəliyinin mərkəzində dayandığını və beynəlxalq şəhərsalma prinsiplərinin formalaşmasında aparıcı aktor olduğunu bir daha təsdiqlədi. Bu mötəbər tədbir, sadəcə, texniki müzakirələr platforması deyil, həm də dayanıqlı və inklüziv şəhərlərin gələcəyinə dair qərarların qəbul edildiyi mühüm bir strateji mərhələ oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
O bildirib ki, WUF13-də qəbul olunan sənədlər şəhərsalmanın gələcək onilliklərdəki yol xəritəsini müəyyən edərək Azərbaycanın qlobal təşəbbüslərə verdiyi töhfəni rəsmiləşdirdi. Azərbaycanın bu uğuru təsadüfi deyil, Prezident İlham Əliyevin uzaqgörən liderliyinin və milli inkişaf modelinin məntiqi nəticəsidir.
“Ölkəmiz bu gün dünyada quruculuq və bərpa proseslərində unikal, nümunəvi bir model təqdim edir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə – Şərqi Zəngəzur və Qarabağda həyata keçirilən genişmiqyaslı layihələr, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, ekoloji tarazlığın qorunması ilə müşayiət olunan müasir şəhərsalma həlləri bütün dünya üçün əyani dərsdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proseslər dağıdılmış bir regionun qısa müddətdə necə inkişaf mərkəzinə çevrilə biləcəyinin ən bariz sübutudur. Beynəlxalq ekspertlərin də vurğuladığı kimi, Azərbaycanın təcrübəsi təkcə infrastrukturun qurulması deyil, həm də insan kapitalına investisiya, mədəni irsin qorunması və innovativ idarəetmə prinsiplərinin vəhdətini təşkil edir. Azərbaycan nümunəsi göstərir ki, siyasi iradə və düzgün hədəflərlə ən çətin şərtlərdə belə dünyanın ən müasir və yaşana bilən yaşayış məskənlərini yaratmaq mümkündür”, – deyə T. İsmayılov vurğulayıb.
Politoloq əlavə edib ki, WUF13 çərçivəsində Azərbaycanın qlobal urban gündəliyindəki rolu, sadəcə, ev sahibliyi ilə məhdudlaşmadı. Ölkəmiz şəhərsalma sahəsində innovasiyaların və beynəlxalq əməkdaşlığın təşəbbüskarı kimi çıxış etdi. Qəbul olunan sənədlərin təbliği və bu təcrübənin digər ölkələr tərəfindən öyrənilməsi istiqamətində atılan addımlar Azərbaycanın qlobal liderlik iddiasının təsdiqidir. Bu gün Azərbaycan dünyada sabitliyin, quruculuğun və inkişafın mərkəzi kimi tanınır və bu nüfuz ölkəmizin hər bir vətəndaşı üçün qürur mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan müasir şəhərlər, gələcəyin yaşayış modellərinin təməl daşı olaraq növbəti nəsillərə ötürüləcək ən qiymətli mirasdır. Azərbaycan bu liderliklə bəşəriyyətin daha dayanıqlı və təhlükəsiz gələcəyinə öz töhfəsini verməkdə davam edir.
