“Təhlükəsiz Keçid 2026” Forumu bilik və təcrübə mübadiləsi aparmaq, tərəfdaşlığı möhkəmləndirmək və dənizçilik sektorunun gələcək inkişafına birgə töhfə vermək üçün unikal imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Təhlükəsiz Keçid 2026” Forumunda Liman Sığortası və Təkrarsığorta Brokerinin direktoru Xəlil Abbasov deyib.
O qeyd edib ki, Azərbaycanın zəngin və qürurverici dənizçilik ənənəsi var. “Nəsillər boyu Xəzər dənizi ticarətin, iqtisadi inkişafın və regional əlaqələrin dəstəklənməsində mühüm rol oynayıb. Bu gün Azərbaycan dənizçilik infrastrukturuna, nəqliyyat şəbəkələrinə, logistika imkanlarına və dənizçilik təhsilinə investisiya qoymağa davam edir, beynəlxalq bazarları birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi mövqeyini möhkəmləndirir”, – deyə direktor vurğulayıb.
Xəlil Abbasov dənizçilik sənayesinin qlobal iqtisadiyyatın ən mühüm sütunlarından biri olaraq qaldığına diqqət çəkib: “Beynəlxalq ticarət, təchizat zəncirləri, enerji daşımaları və iqtisadi artım malların dünya okeanları və dənizləri vasitəsilə təhlükəsiz və səmərəli daşınmasından asılıdır. Eyni zamanda, sənayemiz sürətlə inkişaf etməyə davam edir. Texnoloji innovasiyalar, rəqəmsallaşma, dayanıqlılıq məqsədləri, ətraf mühitə məsuliyyətli yanaşma, əməliyyat səmərəliliyinə artan tələblər, kibertəhlükəsizlik məsələləri və risklərin idarə olunmasının artan əhəmiyyəti dənizçilik biznesinin fəaliyyət tərzini yenidən formalaşdırır. Bu dinamik mühitdə bilik mübadiləsi və əməkdaşlıq isə həyati əhəmiyyət daşıyır”.
