Avqust 20, 2026-15:56
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Xalq artisti Niyazinin məzarı ziyarət edildi

Bu gün görkəmli dirijor, dünya şöhrətli bəstəkar, Xalq artisti, maestro Niyazinin doğum günü münasibətilə məzarı ziyarət edilib.

Teleqraf xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, musiqi ictimaiyyətinin nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

Ziyarət zamanı Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətlərindən, zəngin yaradıcılıq irsindən və milli musiqi sənətinin dünyada tanıdılmasında rolundan danışılıb.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxışında bildirib ki, Niyazinin parlaq siması hamının xatirəsindədir:

“Mən onu ilk dəfə görəndə təəccüblənmişdim ki, bu qədər zəhmli, enerjili bir insan kiçik bir bədənə yerləşib. O, bəstəboy idi, amma enerjisi ilə hər kəsin diqqətini özünə çəkirdi”.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib ki, Niyazi 40 ildən çoxdur bizdən ayrılıb, amma onun yaradıcılığı unudulmayıb, Niyazi irsi Azərbaycan musiqi mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılıb:

“Niyazi təkrarolunmaz, misilsiz dirijor və bəstəkar idi. Buna görə ən böyük mükafatlara layiq görüldü. Azərbaycan musiqisinin inkişafında rolu böyükdür. Cavan istedadları nəinki tapırdı, onları hiss edə bilirdi. Həmin şəxslər də sonradan böyük musiqiçiyə, tanınmış şəxsə çevirilirdilər”.

Əməkdar artist Əyyub Quliyev isə qeyd edib ki, Niyazi Azərbaycanın həm gənc, həm orta, həm də yaşlı nəsil dirijorlar;n həyatında xüsusi iz qoymuş insandır.

Onun sözlərinə görə, maestro Niyazinin irsinə hər zaman müraciət edilir:

“Baxmayaraq ki, o, pedaqoji fəaliyyətlə məşğul olmayıb, amma biz onun təsirini hər zaman hiss edirik. Onu şəxsən görüb tanımaq mənə nəsib olmasa da, atam, görkəmli tarzən Ramiz Quliyevlə xüsusi dostluğu olub, bizim evimizə gəlib gedib. Mən o xatirələrlə böyümüşəm. Niyazinin yazıları bizim evdə qorunub saxlanır.

Maestro Niyazi həqiqətən qanl ilə, canı ilə vətəninə, xalqına bağlı olub. Həyatının sonuna qədər vətəninə xidmət edib. Mən xarici ölkələrdə hər dəfə hansısa konsert salonlarına gedəndə qapını açanda onun şəkillərini görürəm. Ankarada olanda filarmoniyanın qapısını açanda da maestronun şəklini gördüm. Mənə dedilər ki, maestro Niyazi onların əsərlərinin premyeralarını etmiş bir şəxsiyyətdi. Ona çox hörmətlə, ehtiramla və sevgi ilə yanaşırlar. Nə qədər ki Azərbaycan xalqı var, maestro Niyazinin xatirəsi yaşayacaq”.