Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Azərbaycan Texniki Universiteti, Bakı Biznes Universiteti və Odlar Yurdu Universitetinin tələbələrinin bilik və bacarıqlarının artırılması məqsədilə “Rəqəmsal ekspertiza: yanaşmalar və tətbiqlər” mövzusunda ustad dərsləri təşkil edib.
XRİTDX-dən AZƏRTAC-a bildirilib ki, təlimlər sahə üzrə gələcək mütəxəssisləri rəqəmsal ekspertiza sahəsinin əsas prinsipləri, tətbiq istiqamətləri və müasir yanaşmaları ilə tanış etmək məqsədilə keçirilib.
Tədbir çərçivəsində XRİTDX-nin Zərərvericilərin tədqiqi laboratoriyası tərəfindən hazırlanmış “Tusi Paleon” aləti vasitəsilə real zərərli nümunənin analizi üzrə praktik nümayiş həyata keçirilib. Analiz zamanı iştirakçılara zərərli proqramların davranış xüsusiyyətlərinin müəyyən olunması, artefaktların aşkarlanması və rəqəmsal ekspertiza yanaşmaları əsasında texniki təhlilin aparılması prosesi təqdim olunub.
Bu təşəbbüs tələbələrin praktiki biliklərinin artırılmasına, informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış insan kapitalının inkişafına və ölkənin kadr ehtiyatının genişləndirilməsinə xidmət edir.
