19-cu yüzillik Azərbaycanda ictimai fikrin inkişafı tarixinə ən məhsuldar bir dövr kimi daxil olub. Həmin dövr bir sıra mütərəqqi dəyişikliklər, mühüm siyasi-ictimai və ədəbi hadisələr, yeni şairlər, mütəfəkkirlər nəslinin yetişməsi ilə əlamətdardır. XIX əsrin ikinci yarısında yaşayıb-yaradan şairə Xurşidbanu Natəvanın da kamil bir sənətkar kimi yetişib şöhrət tapmasına, şübhə yoxdur ki, məhz bu ictimai, sosial-mədəni şərait və ədəbi mühit qüvvətli təsir göstərib. Bununla bərabər, Xurşidbanunun fərdi keyfiyyətlərinin, estetik anlayışlarının və şəxsi marağının ahəngdar inkişafına irsiyyətin həlledici rolunu da inkar etmək olmaz.
Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə ön söz yazıb redaktə etdiyi “Xurşidbanu Natəvan” kitabında Xan qızının şair qohumları ilə bağlı müxtəlif maraqlı məlumatlar yer alır. Müəllifin “Ön söz”də bəhs etdiyi həmin məqamları AZƏRTAC oxuculara təqdim edir.
Şairənin mənsub olduğu nəslin mənşəyinə, ənənəsinə, yaşayış tərzindəki xarakter cəhətlərə dərindən nəzər saldıqca belə fikir yaranır ki, poetik istedad, incə zövq və fitri qabiliyyət Natəvana yaxın qohumlarından nəsillikcə keçib, irs olaraq ondan da övladlarına miras qalıb. Belə ki, onun həm ata, həm ana tərəfdən olan qohumları içərisindən vaxtı ilə görkəmli şairlər çıxıb və özlərindən sonra həyatda az-çox ədəbi irs qoyub gediblər.


Şairənin dayıları – Kəlbəli xan Müsahib Gəncəvi, Fətəli bəy Hali, bibiləri – Ağabəyim ağa Ağabacı, Gövhər ağa; əmisi Əbülfət xan Tuti, əmisi oğlu Cəfərqulu xan Nəva, bibisi oğlu Qasım bəy Zakir artıq o dövrdə zamanın tanınmış sənətkarlarından sayılıblar. Hətta Xurşidbanunun anası Bədircahan bəyim də, hərdən şeir yazmağa meyil edib, gizli dərdlərini və ictimai hadisələrə münasibətini yeri gələndə sənətin sehrkar dili ilə bildirməyə təşəbbüs göstərib.
Natəvanın oğlanlarından Mehdiqulu xan Vəfa, Mir Həsən Mir, qızı Xanbikə (Fatmabikə) analarının poetik üslubunu, yaradıcılıq yolunu davam etdirib, onun yüksək emosiya doğuran əsərlərindən bəhrələnərək orijinal qəzəllər yaratmağa müvəffəq olublar.
Yuxarıda adları çəkilən şairlər şəxsiyyət etibarilə dərin maraq oyatdıqları kimi, onların həyat və yaradıcılıqları da öz rəngarəngliyi ilə nəzər-diqqəti cəlb edir. Müxtəlif ictimai zümrələrdən olan, ayrı-ayrı dövrlərdə, ərazilərdə yaşayıb həyat sürən, başqa-başqa şeir məktəblərini, ədəbi cərəyanları təmsil edən bu sənətkarların hər birinin özünəməxsus dünyagörüşü, müstəqil təsvir, tərənnüm obyekti, söz qurumu, fikri deyimi və fərdi yaradıcılıq manerası var.
Qeyd edək ki, portretlər mərhum rəssam Azər Ələkbərova məxsusdur.
