Azərbaycanda fəaliyyət göstərən bir çox yerli şirkətlərdə risklərin idarəetmə sistemi formalaşmayıb.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) təşkilatçılığı ilə keçirilən “Azərbaycanda ilk Risk və Dayanıqlılıq Konfransı” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, risk idarəetmə sistemi olmadıqda risklər əməliyyat səviyyəsində və daha çox şəxsi təcrübəyə əsaslanaraq idarə olunur: “Bəzi şirkətlərdə risk idarəetmə sistemi mövcud olsa belə, onun formal xarakter daşıması və real tətbiq olunmaması ayrıca risk yaradır. Yeni risklər ortaya çıxdıqda və sistemli yanaşma olmadıqda şirkətlər hadisələr baş verdikdən sonra reaksiya verməyə başlayırlar. Bu isə biznes üçün ciddi problem yaradır. Risklərin müəyyənləşdirilməsi, onların başvermə ehtimallarının hesablanması, risk reyestrinin yaradılması və aradan qaldırma tədbirlərinin izlənilməsi idarəetmə prosesinin tərkib hissəsinə çevrilməlidir”.
O bildirib ki, Azərbaycanda maliyyə sektorunda, xüsusilə bank və sığorta şirkətlərində risk idarəetməsi üzrə daha formalaşmış təcrübə mövcuddur: “Bu, həm qanunvericiliyin, həm də tənzimləyici qurumların tələblərindən irəli gəlir. Çünki maliyyə sektoru yalnız öz risklərini deyil, digər iqtisadi subyektlərin risklərini də üzərində daşıyır. Biznes mühitində ilk növbədə praktiki və sadə risk idarəetmə mexanizmlərinin qurulmasına ehtiyac var”.
