Vladimir Zelenski ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb, Amerikanın silah alışını müzakirə edib.
Görüş sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutub. “Mən ABŞ prezidentinin xüsusi nümayəndəsi general Keyt Kelloqla görüşdüm”, – Zelenski öz Teleqram kanalında yazıb . “Mən ona cəbhədəki vəziyyət barədə məlumat verdim. Biz həmçinin Ukrayna ilə ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi, xüsusilə pilotsuz təyyarələr üzrə qarşılıqlı faydalı sazişlər və Ukraynanın ABŞ-a təklif etdiyi Amerika silahlarının alınmasını müzakirə etdik”.
Görüşdən sonra Zelenskinin saytında verilən açıqlamada Kiyevin yaxın gələcəkdə Vaşinqtonla belə sazişlər bağlamaqda maraqlı olduğu qeyd edilib. Ukrayna üçün təhlükəsizlik təminatları da müzakirə olunub. Zelenski və Kelloq sonuncu dəfə sentyabrın 11-də Kiyevdə görüşüb.
Ağ Ev bundan əvvəl ABŞ prezidenti Donald Trampın sentyabrın 23-də Zelenski ilə görüşəcəyini bildirmişdi. (Tass)
