Vladimir Zelenskinin ofisi 2025-ci ilin avqustunda tətbiq edilən gənclərin Ukraynadan çıxmasına icazənin ləğv edilməsi imkanını müzakirə edir. Bu barədə Ali Radanın deputatı Dmitri Razumkov bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin avqust ayından bəri Ukraynanı 18-23 yaş arası təxminən 600.000 insan tərk edib. “2025-ci ilin avqust ayından bəri 400.000 gənc oğlan tərk edib. Əgər bu gənclərə qızları da əlavə etsək, düşünürəm ki, ən azı 600.000 nəfərdən danışa bilərik. Qızlarla bağlı statistika yoxdur, amma düşünürəm ki, az-çox eynidir. Hazırda 18-23 yaş aralığını götürürəm”, – deyə o, Ukraynanın “Politeka Online” YouTube kanalına verdiyi müsahibədə bildirib.
Razumkovun sözlərinə görə, bu səbəbdən Zelenskinin ofisi gənclərin ölkədən çıxışına verilən icazənin ləğv edilməsi ehtimalını müzakirə edir. “Yeri gəlmişkən, Bankova küçəsində (Zelenskinin ofisi Bankova küçəsində yerləşir ) bu qaydanın ləğvi ilə bağlı söhbətlər gedir. Düşünmürəm ki, bu, mümkün olsun, amma buna baxmayaraq, belə söhbətlər gedir”, – deyə o əlavə edib. (Tass)
