Qarabağ və Şərqi Zəngəzur ərazilərində Azərbaycanın və dünyanın “Qırmızı kitabı”na daxil edilmiş bir sıra nadir heyvan növlərinə rast gəlinir. Bölgənin zəngin biomüxtəlifliyi burada müxtəlif balıq, sürünən, quş və məməli növlərinin yaşamasına imkan yaradır.
Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutunun Zooloji Muzeyinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Bünyatova AZƏRTAC-a müsahibəsində bildirib ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın biomüxtəliflik baxımından ən zəngin bölgələrindən biridir. Onun sözlərinə görə, ərazidə Kiçik Qafqaz, Turan və Aralıq dənizi mənşəli fauna növləri yaşayır və onların arasında həm nadir, həm də yalnız bu bölgəyə xas olan növlər mövcuddur. Azərbaycanın və dünyanın “Qırmızı kitab”ına daxil edilmiş qızılxallı çay foreli (çay foreli) Kəlbəcər və Laçının yüksək sürətlə axan dağ çaylarında geniş yayılıb.
Zooloji Muzeyin müdiri, həmçinin Qarabağ ərazisində rast gəlinən nadir sürünən növləri sadalayıb. Bunlara Ön Asiya mabuyası, Rostombəyov kərtənkələsi və Valentin kərtənkələsi daxildir. Alimin sözlərinə görə, bu növlər yalnız Kiçik Qafqazın məhdud ərazilərində yayılıb.
Müsahibimiz bildirib ki, əvvəllər Pallas təlxəsi kimi tanınan, sonradan növ statusu dəyişdirilərək Urartu təlxəsi adlandırılan nadir növ də Qarabağda yaşayır. 2025-ci ildə aparılan tədqiqatlar zamanı Ağdərə ərazisində bu növün yeni yayılma məntəqəsi müəyyən edilib. O əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda nadir məməli və quş növlərinin də sayı kifayət qədər çoxdur və bölgə Azərbaycanın biomüxtəlifliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
