May 8, 2026-16:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MÜSAHİBƏ

Lalə Süleymanova: Məşhurluq teatrda bilet satdırmır

2026:05:08 - 10:15
in MÜSAHİBƏ
A A
– Siz gəlin, mən tamaşa məşqindəyəm, çıxıram… – demişdi müsahibimiz.

Akademik Milli Dram Teatrına çatar-çatmaz aktyor-aktrisaların topa-topa girib-çıxdıqlarını görürük. Deməli, məşq artıq başa çatıb. Müsahibimizlə əlaqə saxlayırıq, yanılmırıq, bizi içəri dəvət edir.

Qapıda rastlaşırıq və elə vaxt itirmədən də söhbətimizə başlayırıq.

“Report” Akademik Milli Dram Teatrının və müstəqil ƏSA inklüziv teatrının əməkdaşı aktrisa Lalə Süleymanova ilə müsahibəni təqdim edir.

– Hansı tamaşanın məşqində idiniz?

– Mikayıl Mikayılovun quruluşunda “Dostoyevski FM: Mordasov xronikası” tamaşasının məşqlərini edirik. Fyodor Dostoyevskinin “Dayının yuxusu” povestinin motivləri əsasında qurulub. Tamaşada əsas obrazlardan birini oynayıram. Mikayıl müəllimlə sonuncu dəfə universitetin dördüncü kursunda oxuyanda işləmişik, indi “Azdrama”da yenidən bir yerdə işləmək mənim üçün çox maraqlıdır, fərqlidir. Uzun müddətdir ki, bu cür fərqli tərzdə bir tamaşa işləmirdim. Ümumiyyətlə, onunla işləmək mənim üçün çox maraqlıdır, nə qədər sual versəm, o qədər də cavab alıram.

– Fərqli tərz deyirsiniz, nə mənada fərqli?

– Tamaşa karnaval estetikasındadır. Hələ ilkin məşq prosesidir deyə, tam, dolğun informasiya verə bilmirəm, amma, istənilən halda, bu tamaşada olmaqdan zövq alıram, Mikayıl müəllimlə işləməkdən zövq alıram.

– Premyera nə zamana planlaşdırılır?

– Ümid edirəm ki, iyunun ilk ongünlüyündə tamaşanı təhvil verə biləcəyik.

– Lalə xanım, mən müsahiblərimin tamaşaları olsun, yaxud filmləri, sərgiləri, konsertləri və sair baxmaqdan əlavə, həm də onları internet resurslarında araşdırıram. Sizinlə bağlı bir az üzücü məqam o oldu ki, adınızı axtarışa verəndə daha çox bir müddət əvvəl taksidə başınıza gələn neqativ halla bağlı xəbərlər çıxır. Nə tamaşa, nə film, nə serial…

– Çünki insanlara kiminsə uğursuzluğu daha maraqlı gəlir, nəinki teatr-kino uğuru. Bu tək mənə aid deyil, məndən qat-qat uğurlu aktyor-aktrisalar, digər sənət adamları olsun, kiminsə başına nəsə uğursuz bir şey gələrsə, o daha çox diqqət çəkir, ondan daha çox yazırlar, paylaşırlar, münasibət bildirirlər. Halbuki həmin adamların bir çox uğurlu layihələri olur, zəhmət çəkirlər, amma həmin işlə gündəm olmurlar. Bunları siz məndən daha yaxşı bilərsiniz, məncə. Təəssüfedici haldır, amma həqiqətdir.

 

– Sizin, ümumiyyətlə, bioqrafiyanız barədə də məlumat məhduddur. Məsələn, mənə maraqlıdır, necə oldu ki, teatrı seçdiniz?

– Bu çox məşəqqətli bir yol olub, əslində (gülür). Ailəmizdə incəsənətlə məşğul olan, demək olar ki, heç kim yoxdur. Daha çox müəllimlik, dövlət işi və sair belə sahələrdə çalışanlar var. Uşaq yaşlarından ailəm mənim üçün də deyirdi ki, müəllim, riyaziyyatçı, yaxud hüquqşünas olacağam, belə-belə… Yəni heç vaxt incəsənətlə bağlı söhbətlər olmayıb. Və belə olan halda, adam düşünür ki, doğrudan da, elə belə olacaq. Adamın ağlına başqa nəsə gəlmir.

Beləcə vaxt yetişəndə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC-red) hazırlaşmağa başladım. Müəllimlərim də, valideynlərim də deyirdilər ki, mütləq qəbul olacağam, bu sahədə uğurlu olacağam. Çox yaxşı oxuyurdum. Amma mənim içimdəki düşüncə başqa idi: bir növ, güzgü qarşısında dayanıb daraqla mahnı oxuyan qız uşağı idim mən. Məktəb tədbirlərində həmişə fəal olurdum, diqqət çəkirdim. Bütün bunlara rəğmən ailəmə səhnə sevgimi deyə bilmirdim, etiraf eləməyə çəkinirdim, yəni Azərbaycan reallığı deyilən bir şey var, hamımız bilirik. Nəticədə, dediyim kimi, İqtisad Universitetinə hazırlaşmağa başladım, amma qismət belə gətirdi ki, qəbul ola bilmədim (gülür).

Ağladım, sızladım, pis oldum, amma anamın dəstəyi ilə toparlana bildim. Anam məni təsəlli edirdi ki, dünyanın axırı deyil, gələn il yenə hazırlaşarsan. Bu cümlə mənim içimdə yenidən ümid doğurdu.

Elə o ərəfələrdə anamın xalası qızı Azərbaycan Dövlət Mədəniyyət Universitetinin rejissorluq ixtisasının dördüncü kursunda oxuyurdu. Məni dəvət elədi ki, onunla universitetə gedim, baxım, bəlkə maraqlı oldu. Elə bu təklifdən sonra düşündüm ki, onsuz da məni evdən aktrisa olmağa qoymazlar, amma rejissorluğu yoxlamaq olar. Elə məhz bu adla da evdəkiləri razı sala bildim.

Qəbul imtahanını uğurla verdim, qabiliyyət imtahanım isə həm rejissorluq üzrə, həm də aktyorluq üzrə oldu. Bəxtimdən növbədə ən sonuncu adam idi, üstəlik, mənə qədər də hamını kəsmişdilər, amma elə oldu ki, mən keçə bildim. Düzdür, aşağı bal yazmışdılar, amma keçmişdim.

– Xəbəri evdəkilər necə qarşıladı?

– Anam soruşdu ki, sən rejissor olmaq istəyirsən, ya aktrisa? Dedim ki, mən kulisdə yox, səhnədə olmaq istəyirəm. Səhnədə özümü daha yaxşı hiss edirəm. O da razılaşdı.

– Bəs atanız?

– Elə o da. Onda başa düşdüm ki, sən demə, əsas olan istəyimi ifadə etməyim imiş.

– Tamaşalarınıza gəlirlər?

– Əlbəttə. Anam və bacım mənim bir nömrəli tənqidçilərimdir. Tamaşaçılardan daha çox onlardan qorxuram (gülür).

– “Azdrama”ya gəlməyiniz necə oldu?

– Üçüncü kursda oxuduğum vaxt mənə “Azdrama”dan təklif gəlmişdi. Sadəcə, universitet müəllimim Xalq artisti Pərviz Məmmədrzayev icazə vermədi.

– Niyə?

– Dedi ki, həzə tezdir, hələ balacasan, böyüməlisən. Mən də getmədim. Universiteti bitirəndən sonra bir də dəvət gəldi, elə odur-budur “Azdrama”dayam.

– Həm “Azdrama”da, həm ƏSA-da, həm də yutub platformasındakı layihələrdən birində aktiv fəaliyyət göstərirsiniz. Yorulmursunuz?

– Fiziki olaraq yoruluram, əlbəttə. Amma bir şey də var ki, mən boş qalanda daha çox yoruluram. Bilmirəm, orqanizmim çox qəribə bir sistemlə işləyir, yəqin. İstirahət, əlbəttə, vacibdir, amma iki gündən artıq boş qalsam, sıxılıram. Nəsə iş görməsəm, çalışmasam, rahatlıq tapmıram. Mən, ümumiyyətlə, yorulduğumu hiss eləmirəm, bir onda ayılıram ki, yorğunluqdan xəstə düşmüşəm. Ona qədər heç nə hiss eləmirəm.

– Bir çox rejissorla işləmisiniz. Nihad Qulamzadə, Mehriban Ələkbərzadə, Bəhram Osmanov, Firudin Məhərrəmov və başqa. Maraqlıdır, sizin üçün bu rejissorları fərqləndirən nədir?

– Bilirsiniz, mən çox sual verirəm. Məşq zamanı mənə aydın olmayan nəsə varsa, çox narahat oluram, ürəyimə yatmır, onun niyəsini tapmasam, əl çəkmirəm. Mən səhnədə, tutaq ki, qışqırmalıyam, ya nəsə bir hərəkət, onun səbəbini mütləq aydın şəkildə öyrənməliyəm. Ona görə də davamlı suallar verirəm. Təbii ki, işlədiyim rejissorların hər birinin yanaşması, suallarıma cavabı da fərqli olur. Çünki hər bir rejissor öz gözü ilə, öz düşüncəsi ilə yanaşır, ona görə də mənə qaranlıq qalan məqamları aydına çıxarmaqları da bir-birindən fərqlənir.

– Mehriban xanımla işləmək, deyilənə görə, bir az çətindir.

– Hə, bunu mənə də deyib qorxudurdular. Amma belə bir şey yoxdur, mən hiss etməmişəm. Mehriban xanımla çox rahat işləmişik, dil tapmışıq və mən ondan çox şey öyrənmişəm.

“İblis və…” tamaşasına dəvət etməyinə gəlincə, məni “Sənsiz” tamaşasında görmüşdü. Gecə ikən qrupa göndərmişdilər ki, Xavər rolu üçün seçilmişəm. Çox sevinirdim, yəni sevincimi ifadə eləyəcək heç nə tapmırdım, amma eyni zamanda çox həyəcanlı idim. Çünki, dediyim kimi, Mehriban xanımla işləməyin çətin olduğu barədə çox eşitmişdim, əməlli başlı qorxuya düşmüşdüm, amma belə olmadı. Əksinə, çox rahat, çox öyrədici bir proses oldu, eyni zamanda Xavər rolu mənim ən böyük rollarımdan birinə çevrildi.

– Yaxşı bəs, sizcə, sizi bir aktrisa kimi bişirən, püxtələşdirən rol hansı olub?

– Bişirmək… Maraqlıdır…

Bir qədər düşünür…

– …yəqin ki, elə Xavər. Ondan sonrakı prosesdə isə “Paris Notr-Dam”dakı Esmeralda. Xavəri oynayanda yavaş-yavaş böyümə mərhələsində olduğumu hiss edirdim, Esmeraldada isə artıq böyüdüm. Həqiqətən, böyüdüm.

– Mehriban xanımdan söz düşmüşkən, teatr islahatlarından öncə onunla “Azdrama”nın bir neçə aktyor-aktrisası arasında qalmaqal yaşanmışdı. Sonradan bu qalmaqal böyüdü və müzakirələr başqa müstəvilərə çəkildi, o məsələlərlə işim yoxdur. Sizə sualım müzakirəni yaradan əsas məsələyə görədir: sizcə, “Azdrama”ya başqa teatrlardan aktyor, aktrisa dəvət oluna bilərmi?

– Niyə də olmasın? Bu teatr heç kimin deyil, nə mənim, nə Mehriban xanım, nə də bir başqasının. Bura hamınındır. Biz burada işləyirik, sadəcə. Sabah məni başqa teatra dəvət edəcəklər, gedəcəyəm, ya başqa teatrdan kimisə dəvət edirlər, gəlir, oynayır. Burada qəribə heç nə yoxdur.

– O zaman siz Mehriban Ələkbərzadə tərəfdəsiniz?

– Tərəf deməzdim… Ümumiyyətlə, mən qalmaqallardan uzaq adamam, həmişə də elə olmağı düşünürəm. Sadəcə, başqa teatrdan “Azdrama”ya aktyor-aktrisanın dəvət olunması məni qətiyyən narahat etməyib.

– Deyirsiniz, qalmaqallardan uzaqsınız. Amma teatrlarda zaman-zaman baş verən intriqalar hamıya gün kimi aydındır. Bunlar heç sizi qorxutmayıb?

– Əlbəttə, əvvəl-əvvəl çox qorxurdum, bilmirdim, nə edəcəyəm, nə etməliyəm, kiminlə necə davranmalıyam… Hər şeyə ekstra diqqətlə yanaşırdım. Yəqin, elə bunun nəticəsidir ki, bu illər ərzində heç vaxt heç kimlə problemim olmayıb. Heç kim də mənə qarşı hər hansısa bir neqativ şey etməyib.

– Ümumiyyətlə, başqa aktrisalardan özünüzə qarşı qısqanclıq hiss etməmisiniz? Daha çox, məsələn, yaşıdlarınızı götürək, kimsə düşünə bilər ki, Xavəri niyə Lalə Süleymanova oynayır? Mən o rola daha layiqəm.

– İnşallah ki, elə düşünmürlər. Özümə qarşı… (gülür)

Bir qədər düşünür.

– …daha doğrusu, üzümə qarşı belə davranış hiss eləməmişəm.

– Amma arxada ola bilər.

– Əlbəttə, ola bilər. Amma heç kəs gəlib üzümə deməyib ki…

– Yəni siz gözləyirsiniz, kimsə gəlib üzünüzə desin ki, niyə səni seçiblər? Belə şey olar?

– Məncə, ola bilər. Düşünər ki, mən bu adamın özünə deməliyəm ki, sən filan rola layiq deyilsən. Amma olmayıb, görməmişəm, əksinə, həmişə dəstək görürəm, ola bilsin, bu insanın özündən asılıdır. Sən qarşı tərəfə necə davranırsansa, eynisini görürsən. Mənim indiyə kimi “Azdrama”da heç kəslə heç bir problemim olmayıb.

– Təki olmasın elə.

– Əlbəttə. Mən həmişə qalmaqal prosesindən uzaq qalmışam. Bunun üçün əməlli başlı güc sərf eləmişəm. Və onu da deyim ki, ən yaxın dostlarım da elə teatrdan qazandığım adamlardır.

– Çox gözəl. Bu günlərdə ƏSA teatrında “Hamlet” tamaşanız oldu. Çox ağır bir tamaşadır. Siz Horatsionu canlandırırsınız, maraqlıdır ki, bu obraz, əslində, kişidir. Nihad Qulamzadə onu sizin simanızda qadın kimi görüb. Ümumiyyətlə, belə bir dünya klassikasına hazırlanma prosesi necə oldu?

– Düzü, mənim üçün hazırlıq prosesi və məşq çox qısa müddətdə baş verdi. Çünki artıq “Hamlet” səhnə üçün qurulmuşdu, hətta rollar da paylanmışdı. Horatsionu oynayan aktyor da seçilmişdi. Amma nədənsə obraz dəyişməli oldu.

– Niyə?

– Sözün düzü, xəbərsizəm. Nihad Qulamzadə mənə yazdı ki, bəs biz “Hamlet”i səhnələşdiririk, sən də əsas rollardan birindəsən. Nihadın Horatsionu qadın etməsi mənə o qədər də təəccüblü gəlmir, çünki onun düşüncəsinə bələdəm.

– Ümumiyyətlə, bir rola adaptasiya olmanız nə qədər zaman alır? Necə hazırlaşırsınız?

– Bizim qonşularımız artıq mənə alışıblar. Çünki mən məşqi evdə də edirəm. Məsələn, “Paris Notr-Dam” üçün mahnıları həm teatrda, həm də evdə məşq edirdim. İllərdir, arzusunda olduğum tamaşa və rol idi Esmeralda. Universitet vaxtı əməlli başlı kök idim, ona görə də o vaxt bu əsərlə bağlı qurulan kiçik tamaşada mənə Esmeralda rolunu vermədilər. Bu mənə çox pis təsir eləmişdi. Sarsılmışdım. İllər sonra Nihad Qulamzadə bu təklifi edəndə necə sevinirdim, necə sevinirdim…

Esmeraldanın “Bohemian” mahnısının sözlərini özüm yazmışam. Ümumiyyətlə, müzikl Azərbaycan dilinə adaptasiya olunub. Gələn reaksiyalardan belə görünür ki, çox uğurlu alınıb və mənim də arzum gerçəkləşib.

– “Alatava” serialında da var idiniz. Sonra film kimi “Spinozanın tanrısı”, “Əsirlikdə 8 gün”ü xatırlayıram. Hazırda film-serial təklifləriniz varmı?

– “Əqrəb mövsümü”nün ikinci hissəsində də çəkilmişəm. Daha sonra “Körpü”nün bir seriyasında varam. İllər əvvəl isə “Vəsiyyət” serialı.

– Onu xatırlamıram.

– Müharibədən qabaq idi, səhv eləmirəmsə. Kiçik bir rol idi.

– Bəs indi təklif varmı?

– Var, həm filmlərə dəvət gəlir, həm də seriallara, amma mən özümü uyğun görmürəm. Bir neçəsi olub, görmüşəm ki, mənə uyğun deyil.

– Nə mənada uyğun deyil?

– Ümumi ssenari uyğun gəlməyib, yaxud mənə təklif olunan rol.

– Bəs rejissor niyə təklif edir ki?

– Bilmirəm. Hətta bir film vardı ki, roluma baxdım və düşündüm ki, yəni nə əlaqə? Bunu mənə niyə təklif ediblər ki? Bu mən deyiləm. İmtina elədim.

– Çəkilib o film?

– Bəli.

– Hansı filmdir?

– Yox, onu deyə bilmərəm (gülür). Seriallardan da təkliflər gəlir, bəzən qrafik uyğun gəlmir, ya ssenari, ya maddi şərtlər. Hazırda bir serialla bağlı razılaşma mərhələsindəyik. Gündəlik serialdır. Görək necə olur.

– Gündəlik serialın qrafiki çox ağır olur.

– Elədir, bilirəm, amma əvvəldən vaxtı danışacağıq. Düşünürəm ki, əgər razılaşsaq, yaxşı olacaq. Hələ dəqiqləşməyib, ona görə ad çəkə bilməyəcəyəm.

Ümumiyyətlə, bu sadaladığımız layihələrdə mənim üçün ən yadda qalan çəkiliş “Əsirlikdə 8 gün” olub. Hava soyuq, Əsgəran həbsxanası… Mən hətta ilk dəfə həmin həbsxanaya girəndə oranın aurası o qədər ağır gəldi ki, özümü saxlaya bilmədim, ağlayıb çıxdım. Mənə elə gəlir, kino-serial işində mənim üçün çətinlik və ciddiyyət baxımından ən yaxşısı bu layihə olub.

– Lalə xanım, aktyor-aktrisalar zaman-zaman bu işin maddi tərəf ilə bağlı şikayətlənirlər. Siz aktrisalıqdan qazana bilirsiniz?

– Çətindir, amma qazana bilirəm ki, ayaqdayam. Amma, doğrudan, çox çətindir. Bir də baxır sənin tələblərinə. Məsələn, hər bir insanın komfort düşüncəsi başqa olur. Sən özünün komfort səviyyəni harada, necə görürsən, bu da çox şeyi müəyyən edir. Lap belə hədəfi yüksək tutsan, əlbəttə, razı qalmayacaqsan.

– Siz bu gün qanesiniz?

– Desəm ki, razıyam, insanlarda qıcıq yaradacaq. Mən də çətinlik çəkirəm, vallah. Yenə də deyirəm, insanın özündən və komfort düşüncəsindən asılıdır. Ümid edirəm ki, daha çox qazanarıq.

– Onda deyə bilərikmi ki, yutub layihəsində sırf məvacib üçün varsınız? Məsələn, iki teatr, müxtəlif film və seriallar sizə bəs edərdi…

– Şübhəsiz, məvacib məsələsi də var.

– Yəni teatr və kinodan yetəri qədər qazansanız, o zaman yutub layihəsinə getməzdiniz.

– Yox, elə deyil. Mən o layihəni çox sevirəm, birinci kursda oxuduğum vaxtlardan orada çalışıram və çox xoşbəxtəm. Məvacibi daha yaxşı yerlərdən təklif gəlib, getməmişəm, çünki oranı, həqiqətən, sevirəm.

– Lalə xanım, son beş-yeddi ildə sosial media fenomenlərinin, blogerlərin böyük kinoya gəldiklərini görürük. Aydın məsələdir ki, bu bir az da prodüserlərin həmin adamların tamaşaçılarını da kinoya cəlb etmək siyasətidir. Siz necə düşünürsünüz? Peşəkar təhsili olmadan kinoya gəlmək olar?

– Olar. Bu, sırf istedadla və öz üzərində işləməklə bağlıdır. Dünya kinosunda da belə faktlar az deyil, yəni peşəkar kino təhsili olmadan uğurlu olmaq mümkündür. Eləcə də, sizin də dediyiniz kimi, həmin adamların tamaşaçılarının da rolu az deyil. Ümumiyyətlə, bilet satdırma qüvvəsi deyilən bir anlayış var. İstər peşəkar aktyor ol, istər bloger, kim olursan, ol, bu birbaşa şəxsiyyətin özündən asılıdır. Tutaq ki, sosial mediada həddindən artıq məşhur adamı gətirirsən kinoya, ya lap teatra, bir də illərin aktyorunu. Onlardan hansı yaxşı iş görürsə, bileti o satdıracaq. Çünki insanlar yaxşı işə baxmaq istəyirlər. Yəni mən sizi əmin edirəm ki, hazırda məşhurluq bilet satdırmır. Bileti satdıran işdir, yaxşı işdir, keyfiyyətli işdir. Sən tanına bilərsən, çox yaxşı, amma bu bilet satdırmayacaq, sənin gördüyün iş yaxşıdırsa, bax bileti o iş, o tamaşa, o film satdıracaq.

Kinonu demək çətindir, amma Azərbaycan teatrları, məncə, tamaşaçısız deyil, biz bunu ƏSA ilə, sözün yaxşı mənasında, sübut eləmişik. Dövr sosial media dövrüdür, orada məşhur olmayan tamaşaya tamaşaçı gəlib baxmayacaq. Bu qaçılmaz reallıqdır. Məsələn, “Sənsiz” tamaşası sosial mediada məşhur olandan sonra adamlar bilet tapa bilməməkdən şikayət edirdilər. “İblis və…” olsun, o da eynilə. Yəni bu günün tələbi ilə ayaqlaşmaq, ona uyğun PR aparmaq lazımdır. Amma, təəssüf ki, yetəri qədər uğurlu tamaşalar var ki, sosial mediada məşhur deyil deyə, şansı gətirməyib deyə çox baxılmır. “Dantenin yubileyi”, məsələn, çox maraqlı, əyləncəli tamaşadır, mən orada oynamaqdan zövq alıram, amma tamaşaçı marağı gözlədiyimiz qədər deyil. Çünki sosial mediada məşhur deyil.

– Mənə maraqlıdır ki, filmlərlə bağlı müəyyən festivallar var ki, izləyib dünya kinosunda nə baş verir, nə çəkilir və sair prosesləri görmək olur. Aydındır ki, teatrlarla da bağlı bu kimi festivallar olur. Siz onları izləyirsinizmi? Məsələn, mən dili başa düşməsəm də, yutubda “Paris Notr-Dam”a fransız dilində baxmışam.

– Əlbəttə, izləyirəm, “Paris Notr-Dam”a mən də baxmışam, həm də dəfələrlə. Amerikalı rejissor Alfred Hiçkokun “Rebeca” filmi var, onu almanlar müzikl kimi hazırlayıblar. Mən ona baxanda dəhşətə gəlmişdim ki, alman dilində müzikl necə gözəl səslənir. Brodvey (Dünyaca məşhur Brodvey Teatrı nəzərdə tutulur. ABŞ-nin Nyu-York şəhərində yerləşir, – N.P) həmin müzikli almışdı, bildiyimə görə, amma bilmədim, səhnələşdirildi, ya yox. Sonra “Dracula” müzikli, “Cats” var. Baxıram, düşünürəm ki, görəsən, bizdə bu müzikllər səhnələşdirilsə, tamaşaçı gələrmi? Bilmək olmur, çətindir. Ümumiyyətlə, mənim ən böyük arzumdur ki, Brodveyə gedim və orada dörd-beş müziklə baxım.

“Burleks” müziklinə canlı baxmaq da arzularımdan biridir. Ümidvaram ki, arzum reallaşar. Nəhayət, ən böyük xəyalımdır ki, yaxın gələcəkdə Brodvey səhnəsində özüm də olum. Mənə ən yaxın dostlarım Brodvey aktrisası deyirlər, bir növ, manifest kimi.

– “Paris Notr-Dam” müziklindən sonra düşündüm ki, özünüzü müğənni kimi də yoxlaya bilərsiniz.

Gülür.

– Universitetdə oxuduğum vaxt bəstəkarlardan təkliflər gəlirdi, bəlkə, razılaşsaydım, indi yaxşı müğənni olardım. Amma mən müğənni olmaq istəmirəm. İxtisasım musiqili teatr üzrədir, bu mənada, aktrisa kimi oxumağı, rəqs eləməyi daha çox sevirəm.

– Niyə musiqili teatra getmədiniz ki?

– Getdim. Universiteti bitirəndən sonra qrup yoldaşlarımızla birlikdə gedib müraciət etdik. Bizə dedilər ki, səsiniz yoxdur. Götürə bilmərik. Mənə isə dedilər ki, get məşq elə, üzərində işlə.

– Nə oxumuşdunuz ki?

– Dilbərin ariyasını (Fikrət Əmirovun “Sevil” operasından parça, – N.P). İstədikləri tonda oxudum, amma dedilər ki, yox, hələ üzərimdə çox işləməliyəm, götürə bilməzlər. Çox pis olmuşdum, düşünürdüm ki, bəs mən dörd ildir, nə oxuyuram? Niyə oxuyuram? Belə cavab almaq, əlbəttə, bir aktyor, aktrisa üçün çox pis idi, adamda ruh düşkünlüyü yaradır.

– İndi siz də Esmeraldanın “Bohemnia”sını həmin adamlara göndərə bilərsiniz.

Gülür.

– Əminəm ki, gəlib baxıblar, yüz faiz. Həm də indi düşünürəm, nə yaxşı ki, o vaxt mənə yox deyiblər. O yox sözündən sonra bu yaşımda, məncə, istədiyim yerdəyəm…

Əvvəlki Yazı

ABŞ Kubanı yeni məhdudiyyətlərlə hədələyib

Növbəti Yazı

“Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.