Prezident İlham Əliyevin praqmatik, uzaqgörən və çoxşaxəli xarici siyasəti nəticəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu istiqamətdə Azərbaycan–Qırğızıstan əlaqələrinin dinamik inkişafı xüsusi diqqət çəkir. Tarixi köklər, ortaq türk kimliyi, dil, din və mədəni dəyərlər Azərbaycan ilə Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm təməlini təşkil edir. Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Ötən dövr ərzində dövlət başçılarının qarşılıqlı səfərləri, yüksəksəviyyəli siyasi dialoq və imzalanmış çoxsaylı sənədlər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib. Bu günədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 100-dən çox sənəd imzalanıb. Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında Prezident İlham Əliyevin Qırğızıstana etdiyi dövlət səfəri mühüm mərhələ oldu. Səfər çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığı əhatə edən 14 sənəd imzalanıb. Dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında əlaqələri yeni strateji səviyyəyə yüksəldib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müttəfiqlik münasibətləri böyük məsuliyyət deməkdir və Azərbaycan bu məsuliyyəti dərk edir və ona hazırdır. Bu sənəd siyasi dialoqun daha da dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, təhlükəsizlik və regional məsələlər üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə mühüm imkanlar yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov söyləyib.
O bildirib ki, dövlət səfəri çərçivəsində Azərbaycan və Qırğızıstan liderləri Dövlətlərarası Şuranın üçüncü iclasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər:”Görüşlər zamanı iqtisadi əlaqələrin inkişafı, investisiya imkanlarının artırılması və birgə layihələrin həyata keçirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib. Bu çərçivədə Azərbaycan–Qırğızıstan İnvestisiya Fondunun nizamnamə kapitalının 100 milyon ABŞ dollarından 200 milyon ABŞ dollarına çatdırılması barədə qərar xüsusi əhəmiyyət daşıyır. Fondun fəaliyyəti artıq birgə layihələrin həyata keçirilməsinə mühüm dəstək verməkdədir. Hazırda Fondun dəstəyi ilə bir sıra layihələr icra olunub, yeni təşəbbüslərin həyata keçirilməsinə başlanılıb. Kapitalın artırılması gələcəkdə sahibkarlığın inkişafına, investisiya imkanlarının genişlənməsinə və iqtisadi tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. İqtisadi əlaqələrdə də müsbət dinamika müşahidə olunur. Azərbaycanda Qırğızıstan kapitalının iştirakı ilə çoxsaylı müəssisələr fəaliyyət göstərir. Eyni zamanda, son illərdə iki ölkə arasında ticarət dövriyyəsində əhəmiyyətli artım qeydə alınıb. Bu göstəricilər Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığın inkişaf potensialının böyük olduğunu göstərir”.
Azər Badamov vurğulayıb ki, dövlət başçıları görüşlər zamanı Orta Dəhlizin yaratdığı imkanlar və enerji sahəsində əməkdaşlıq perspektivləri barədə də fikir mübadiləsi aparıblar. “Azərbaycan Şərq–Qərb nəqliyyat dəhlizinin əsas iştirakçılarından biri kimi Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm rol oynayır. Ölkəmizin inkişaf etmiş nəqliyyat infrastrukturu və strateji coğrafi mövqeyi Qırğızıstan və digər region dövlətləri üçün yeni ticarət və logistika imkanları yaradır. Azərbaycan–Qırğızıstan münasibətləri yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Humanitar və mədəni əlaqələr də iki qardaş xalq arasında yaxınlığın mühüm göstəricisidir. Azərbaycan və Qırğızıstan qarşılıqlı olaraq mədəniyyət günləri keçirir, xalqlarımızın zəngin irsinin tanıdılması istiqamətində birgə layihələr icra edir”, – deyə o diqqətə çatdırıb.
Deputat əlavə edib ki, Qırğızıstanın işğaldan azad edilmiş Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına orta məktəb binası inşa edərək istifadəyə verməsi iki xalq arasındakı qardaşlığın və həmrəyliyin parlaq nümunəsidir. Bu məktəb yalnız təhsil ocağı deyil, həm də Azərbaycan–Qırğızıstan dostluğunun rəmzi kimi fəaliyyət göstərəcək. Eyni zamanda, Azərbaycanın Qırğızıstanda Heydər Əliyev adına və Nizami Gəncəvi adına məktəblərin, eləcə də Dostluq parkının yaradılmasına verdiyi töhfə xalqlarımız arasında qarşılıqlı hörmətin və etimadın göstəricisidir. Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun adına ucaldılmış heykəl isə Azərbaycan xalqının qırğız mədəniyyətinə və klassik ədəbiyyatına verdiyi yüksək dəyərin ifadəsidir:”Bu gün Azərbaycan–Qırğızıstan münasibətləri dostluq, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında sürətlə inkişaf edir. İki ölkə arasında qurulan müttəfiqlik münasibətləri gələcəkdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsinə möhkəm zəmin yaradır. O cümlədən Azərbaycan və Qırğızıstanın ortaq Türk dünyasının fəal üzvləri kimi birgə fəaliyyəti həm ikitərəfli əlaqələrin, həm də regional əməkdaşlığın inkişafına mühüm töhfə verir”.
