İran öz ərazisini müdafiə etməyə hazırlığını dayandırmayıb və ABŞ razılaşmanı pozarsa, tammiqyaslı müdafiəyə hazırdır. Bunu İslam Respublikası Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Bağır Qalibaf bildirib.
“Danışıqlar zamanı ABŞ vitse-prezidentinə onlara heç bir etibar etmədiyimizi açıq şəkildə bildirdim. Məncə, yalnız müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər. Buna görə də, biz ölkəmizi müdafiə etməyə hazırlığımızı heç vaxt dayandırmamışıq. Amerikalılar əldə edilən razılaşmaları pozan kimi, biz tammiqyaslı müdafiəyə hazır olacağıq, onlara qətiyyətlə qarşı çıxacağıq və İran xalqının hüquqlarına hörmət edilməsini təmin edəcəyik”, – deyə Qalibaf İndoneziyanın Xalq Məşvərət Məclisinin (ikipalatalı parlament) sədri Əhməd Muzani ilə görüşdən sonra Telegram kanalında dərc etdiyi açıqlamada bildirib. O, müharibəyə son qoymağın “bütün ölkələrin prioriteti” olduğunu vurğulayıb, lakin əlavə edib ki, “bu münaqişə heç vaxt İranın təslim olması ilə bitməyəcək”.
Çərşənbə axşamı ABŞ ordusu İrana qarşı bir sıra güclü zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı bunun İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq edildiyini iddia edib. İran ordusu Bəhreyn və Küveytdəki ABŞ bazalarına qarşı cavab zərbələri endirdiyini bildirib və İran hakimiyyəti Vaşinqtonu atəşkəs razılaşmasını pozmaqda ittiham edib. (Tass)
