Gənc media nümayəndələrinə peşə fəaliyyətinə sadiq qalmağı, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağı tövsiyə edirəm. Jurnalistlər peşə fəaliyyətində səthi və ötəri mövzulara üstünlük verməməli, cəmiyyət qarşısında məsuliyyətlərini hər zaman dərk etməlidirlər.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Əməkdar jurnalist, “Bakı” və Baku” qəzetlərinin sabiq baş redaktoru Ağahüseyn Hüseynov bildirib.
O deyib ki, həyatında həm çətin, həm də xoş günlər yaşayıb və əldə etdiyi təcrübəni gənc nəsillə səmimiyyətlə bölüşməyə hazırdır.
Əməkdar jurnalist, həmçinin vurğulayıb ki, Vətənə, dövlətə və milli dəyərlərə bağlılıq yalnız sözlə deyil, əməli fəaliyyətlə də ifadə olunmalıdır. Bu dəyərlərə səmimi münasibətin cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirən qocaman jurnalist Azərbaycan xalqının mərdliyi və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə də fikirlərini bölüşüb. O, ölkənin gələcək inkişafı ilə bağlı xoş arzularını ifadə edərək Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da inkişaf yolunda inamla irəliləyəcəyinə əminliyini bildirib.
