Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində imzalanmış “İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” mövcud əməkdaşlıq istiqamətlərini daha möhkəmləndirməklə yanaşı, eyni zamanda qarşılıqlı maraq doğuran yeni sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün də yol xəritəsi rolunu oynayır.

Bunu “Report”a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
Onun sözlərinə görə, bu baxımdan, rəsmi Berlinlə Bakı arasında formalaşan strateji tərəfdaşlıq modeli Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə münasibətlərinin daha da dərinləşdiyini göstərən mühüm siyasi göstəricidir:
“Dövlət başçısının Almaniyaya rəsmi səfəri ikitərəfli əlaqələri keyfiyyətcə yeni – strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Səfərin əsas nəticələrindən biri enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın yeni məzmun qazanmasıdır. Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə Almaniya ilə əldə olunan yeni razılaşmalar fonunda daha da aktuallaşır. Almaniya şirkətləri ilə imzalanmış uzunmüddətli qaz tədarükü müqaviləsi Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu bir daha təsdiqləyir”.
Siyasi şərhçi vurğulayıb ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan razılaşmalar da xüsusi əhəmiyyət daşıyır
“Azərbaycan-Almaniya Biznes Şurası”nın yaradılması işgüzar dairələr arasında əlaqələrin institusional əsasda inkişafına, qarşılıqlı investisiya imkanlarının genişlənməsinə və yeni layihələrin reallaşdırılmasına mühüm töhfə verəcək. Almaniyanın sənaye və texnologiya potensialının Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, yaşıl enerji zonalarının inkişafı və rəqəmsal iqtisadiyyat layihələrinə cəlb olunması perspektivləri iqtisadi tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biri kimi çıxış edir”.
“Səfər zamanı Cənubi Qafqazda davamlı sülhün təmin olunması, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan müzakirələr də diqqət mərkəzində oldu. Bununla yanaşı, Almaniyanın aparıcı media qurumları ilə yanaşı, Avropa və Asiyanın nüfuzlu informasiya resurslarının Prezident İlham Əliyevin səfərini geniş işıqlandırması Azərbaycanın beynəlxalq gündəmdə artan geosiyasi əhəmiyyətinin və ölkənin regional proseslərə təsir imkanlarının daha da gücləndiyini göstərir. Bütün bunlar Almaniyaya rəsmi səfərin yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də Azərbaycanın Avropa ilə strateji əməkdaşlığının yeni mərhələyə yüksəlməsi baxımından mühüm siyasi nəticələr doğurduğunu təsdiqləyir”.
