Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən elmi layihələr tarixi-mədəni irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm nəticələr verir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, AMEA-da rəqəmsal türkologiya istiqamətində mühüm proseslərə başlanılıb. Bu gün keçirilən VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpoziumu da bu istiqamətdə aparılan işlərin davamı olaraq geniş elmi müzakirələrə imkan yaradıb.
Akademik qeyd edib ki, simpozium Azərbaycan və ümumilikdə Türk dünyasının folkloru, mədəni irsi və elmi nailiyyətləri ilə bağlı yeni yanaşmaları bir araya gətirib. Tədbirdə UNESCO Milli komissiyalarının nümayəndələri, beynəlxalq türk təşkilatlarının təmsilçiləri və Azərbaycan alimləri türkologiyanın qarşısında duran aktual məsələləri müzakirə ediblər.
İsa Həbibbəyli vurğulayıb ki, Birinci Türkoloji Qurultayın zəngin elmi irsinin bu gün türkologiyaya inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Konfrans elmi dialoqun genişlənməsinə, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə, türkologiya, folklorşünaslıq və sənətşünaslığın inkişafına mühüm töhfə verir.
AMEA prezidenti bildirib ki, yaxın vaxtlarda rəqəmsal türkologiya sahəsində yeni layihələrin təqdim olunması nəzərdə tutulur. Rəqəmsal imkanların və intellektual potensialın inkişafı ilə yanaşı, humanitar elmlərin, xüsusilə türkologiyanın müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi prioritetlərdəndir.
“Rəqəmsal türkologiya yalnız texnoloji yenilik deyil, həm də elmi təfəkkürün transformasiyası deməkdir. Azərbaycan Milli Elmlər Akademiyası klassik türkologiya məktəbinin banilərinin elmi irsinə söykənərək bu ideyaları müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək istiqamətində fəaliyyətini davam etdirir”, – deyə akademik İsa Həbibbəyli fikrini yekunlaşdırıb.
