Sertifikasiya imtahanında maksimal 60 baldan 59-nu toplayan Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin tarix müəllimi Zülfiyyə Yusifova AZƏRTAC-a müsahibəsində imtahana hazırlıq prosesi, yüksək nəticə əldə etməsində rol oynayan amillərdən danışıb. Müsahibəni təqdim edirik.
– Sertifikasiya imtahanında əldə etdiyiniz yüksək nəticə sizin üçün nəyi ifadə edir?
-Maksimal 60 baldan 59-nu toplamaq mənim üçün sadəcə bir imtahan nəticəsi deyil. Bu uğur illər ərzində tarix fənninə və peşəmə verdiyim əməyin, çəkdiyim zəhmətin rəsmi təsdiqidir. Bu nəticə gələcək fəaliyyətim üçün böyük motivasiya olmaqla yanaşı, müəllimlik adının gətirdiyi qüruru daha dərindən hiss etdirir. Müəllimlik daim öyrənmək və nümunə olmaq deməkdir. Yüksək nəticə göstərəcəyimi gözləyirdim, lakin belə yüksək bal toplayacağımı düşünmürdüm. Nəticəni görəndə bütün zəhmətimin bəhrəsini gördüyümü hiss etdim.
-İmtahana necə hazırlaşırdınız?
– Hazırlığa hələ yay aylarından başlamışdım. Keçən il yenilənən 9-cu sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərini diqqətlə öyrəndim. Tarix fənni geniş proqramı əhatə etdiyindən hazırlığı planlı şəkildə qurmaq vacib idi. Dekabr ayına qədər proqramı tam başa vurdum.
Yanvardan etibarən müxtəlif test qruplarına qoşuldum, onlayn sınaqlarda iştirak etdim və həm ixtisas, həm də kurikulum üzrə müxtəlif vəsaitlərdən istifadə etdim. Proqramı erkən bitirdiyim üçün əsas diqqətimi testlər və müntəzəm təkrar üzərində cəmləşdirdim.
-Sizcə, bu yüksək nəticəni əldə etməyinizdə hansı amillər əsas rol oynadı?
– Ən vacib amillərdən biri yenilənən dərslikləri və proqram dəyişikliklərini vaxtında izləməyim oldu. Müəllim daim yeniliklərlə ayaqlaşmalıdır. Bununla yanaşı, təkcə bir mənbə ilə kifayətlənməyərək müxtəlif test vəsaitlərindən, onlayn resurslardan istifadə etməyim də nəticəyə müsbət təsir göstərdi. Planlı çalışma, müntəzəm təkrar və məsuliyyət hissi bu uğurun əsas səbəbləridir.
– İmtahan prosesi ilə bağlı təəssüratınız necədir?
– İmtahan gözlədiyim kimi keçdi. Asan olacağını düşünmürdüm. İxtisas üzrə bütün 50 suala düzgün cavab verdim. Kurikulum sualları isə daha düşündürücü və vaxt tələb edən idi. Yeganə səhvim də həmin hissədən oldu.
İmtahandan əvvəl 50 balı keçəcəyimə inanırdım. Bununla belə, imtahan günü həyəcan və ya digər amillər nəticəyə təsir göstərə bilərdi. Xoşbəxtlikdən hər şey qaydasında keçdi. Yaydan bəri gördüyüm hazırlığın, test qruplarında iştirakımın və müntəzəm çalışmalarımın nəticəsini imtahan zamanı aydın şəkildə hiss etdim. Bu proses mənə bir daha göstərdi ki, planlı şəkildə zəhmət çəkəndə qarşılığını mütləq alırsan.
– Sertifikasiya imtahanlarının müəllimlərin peşəkar inkişafına hansı töhfələr verdiyini düşünürsünüz?
– Hesab edirəm ki, sertifikasiya müəllimlərin peşəkar inkişafına ciddi töhfə verir. Mən müəllimlik fəaliyyətimə 2018-ci ildə MİQ imtahanı ilə başlamışam. Zaman keçdikcə biliklərin yenilənməsi zərurəti yaranır. Sertifikasiya müəllimləri yeni dərslikləri, dəyişiklikləri və müasir yanaşmaları daha dərindən öyrənməyə sövq edir. İmtahan həm bilikləri təzələmək, həm də peşəkar olaraq daim inkişaf etmək üçün yaxşı stimuldur.
– Bu nəticədən sonra qarşıya qoyduğunuz yeni hədəflər nədən ibarətdir?
– Gələcəklə bağlı müəyyən planlarım var. Lakin tələsik qərar verməyi sevmədiyim üçün bütün variantları diqqətlə dəyərləndirmək istəyirəm. Ola bilsin ki, bunun üçün mənə müəyyən zaman lazım olacaq. Dəqiq bildiyim odur ki, fəaliyyətimi yenə də müəllim kimi davam etdirəcəyəm. İmtahanda göstərdiyim nəticə gələcək hədəflərimə doğru irəliləmək üçün mənə əlavə motivasiya və yeni imkanlar yaradıb.
