Hər bir xalqın milli kimliyi ilk növbədə onun dili ilə müəyyən olunur. Dil yalnız insanlar arasında ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını, mədəni irsini, adət-ənənələrini və mənəvi dəyərlərini yaşadan ən mühüm amildir. Azərbaycan dili də əsrlər boyu xalqımızın milli varlığını qoruyub, onun zəngin mədəniyyətini və dünyagörüşünü gələcək nəsillərə ötürüb. Məhz bu səbəbdən ana dilinin qorunması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın milli siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, hər bir vətəndaşın mənəvi borcu hesab edilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, tarix göstərir ki, Azərbaycan xalqı müxtəlif dövrlərdə mürəkkəb ictimai-siyasi sınaqlarla üzləşsə də, öz dilini qorumaqla milli kimliyini də qorumağı bacarıb. Dövlət müstəqilliyinin olmadığı dövrlərdə belə Azərbaycan dili xalqın milli birliyinin əsas dayağı olub, milli-mənəvi dəyərlərin nəsildən-nəslə ötürülməsində həlledici rol oynayıb. Ədəbiyyat, folklor, aşıq sənəti, klassik poeziya və zəngin şifahi xalq yaradıcılığı məhz ana dili sayəsində bu günə qədər yaşadılıb.
“Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə hər zaman milli dövlətçiliyin və milli özünüdərkin əsas sütunlarından biri kimi yanaşıb. Ulu Öndər hesab edirdi ki, xalqın mənəvi dəyərlərinin, tarixinin və mədəniyyətinin yaşaması birbaşa ana dilinə münasibətdən asılıdır. Ümummilli Lider gəncləri hər zaman Azərbaycan dilini dərindən öyrənməyə, onun zəngin imkanlarından düzgün istifadə etməyə çağırırdı. Bu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan dili son dərəcə zəngin ifadə imkanlarına malikdir və heç bir xarici sözə ehtiyac duymadan müasir elmin, texnologiyanın və ictimai həyatın bütün tələblərinə cavab verə bilir”,-deyə deputat vurğulayıb.
Sevinc Fətəliyeva əlavə edib ki, qloballaşma dövrü dillərin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, müəyyən risklər də formalaşdırır. Xarici dillərin geniş yayılması, sosial şəbəkələrin təsiri, rəqəmsal informasiya axınının sürətlənməsi bəzən ana dilində yad sözlərin həddindən artıq işlədilməsinə, nitq mədəniyyətinin zəifləməsinə səbəb olur. Belə şəraitdə Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarına əməl olunması və zəngin söz ehtiyatının gündəlik istifadədə yaşadılması xüsusi əhəmiyyət kəsb edir. Bu, yalnız dilçilərin deyil, cəmiyyətin bütün üzvlərinin ümumi məsuliyyətidir. Bu gün Azərbaycan dili müstəqil dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, milli həmrəyliyin, mənəvi dəyərlərin və mədəni irsin daşıyıcısıdır. Onu qorumaq isə keçmişə ehtiram, bu günə məsuliyyət və gələcəyə ən qiymətli töhfədir.
