Qlobal geosiyasətin xətlərinin yenidən qırıldığı bir dövrdə keçirilən Antalya Diplomatiya Forumu yalnız dialoq platforması deyil, eyni zamanda, yüksələn regional güclərin artan təsirini göstərən mühüm diplomatik səhnəyə çevrilib. Forumda enerji təhlükəsizliyi, regional böhranlar və yeni ittifaqların axtarışı əsas müzakirə mövzuları sırasında yer alıb. Regionda artan gərginlik və bu böhranın enerji xətləri üzərində mümkün təsirləri Antalyadakı müzakirələrin mərkəzində olub. Bu kontekstdə Azərbaycan əsas aktorlardan biri kimi ön plana çıxır. Çünki Cənubi Qafqazdan Avropaya uzanan enerji axınındakı rolu Azərbaycanı mövcud böhran şəraitində daha da strateji mövqeyə gətirib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Kıbrıs Raporu” Xəbər Agentliyinin Baş redaktoru, Şimali kiprli siyasi şərhçi Mert Özdeş deyib.
O qeyd edib ki, Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan görüşlər ölkənin çoxşaxəli xarici siyasət yanaşmasının nümunəsidir. “Düşünürəm ki, Prezident İlham Əliyevin ən mühüm görüşlərindən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə baş tutub. Bu görüş Ankara-Bakı xəttində strateji koordinasiyanın davam etdiyini göstərən mühüm siqnal kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşündə isə enerji diplomatiyası ön plana çıxıb. Regional enerji axınları və əməkdaşlıq imkanlarının müzakirə edilməsi Azərbaycanın yalnız istehsalçı deyil, həm də regional enerji sistemində aktiv oyunçu olmaq niyyətini göstərib.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla keçirilən görüş də Azərbaycanın Türk dünyası ilə əlaqələrinin digər istiqamətini ortaya qoyur. Belə ki, görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulanıb, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Bununla yanaşı, enerji və iqtisadi əməkdaşlıq mövzuları Prezident İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşündə əsas yer tutub. Enerji böhranı ilə mübarizə aparan Avropa ölkələri üçün Azərbaycanın rolu bu görüşdə bir daha ön plana çıxarılıb.
Forumun diqqət çəkən məqamlarından biri də Azərbaycan, Türkiyə, Pakistan liderlərinin birlikdə bütün dünyaya verdiyi dostluq, qardaşlıq görüntüləri olub. Bu, üç ölkə arasında siyasi uyğunluğun və həmrəyliyin simvolik ifadəsi kimi dəyərləndirilib. Xüsusilə Türk dünyası ilə Cənubi Asiya arasında inkişaf edən çoxtərəfli münasibətlərin vizual göstəricisi sayılıb”, – deyə siyasi şərhçi vurğulayıb.
Mert Özdeş Antalya Diplomatiya Forumunun Azərbaycanın xarici siyasət prioritetlərini bir daha nümayiş etdirən mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, enerji təhlükəsizliyində mərkəzi rol, regional sabitliyin təmin olunması və çoxtərəfli diplomatiya Azərbaycanın yürütdüyü siyasətin əsas xətləridir. Prezident İlham Əliyevin intensiv diplomatik fəaliyyəti isə ölkənin qlobal geosiyasi sistemdə daha görünən və təsirli aktor olmaq strategiyasının konkret təzahürü kimi qiymətləndirilməlidir.
