2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi quruldu. Bu iki baxımdan son dərəcə mühüm əhəmiyyət kəsb edirdi. Birincisi, həmin yol vasitəsilə Qarabağdakı qanunsuz silahlı birləşmələrə silah-sursat daşınır və şəxsi heyətin rotasiyası həyata keçirilirdi. Eyni zamanda, Azərbaycanın təbii sərvətləri də talanaraq həmin yolla Ermənistana, oradan da başqa yerlərə daşınırdı. Sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bu qanunsuz fəaliyyətlərin qarşısı tamamilə alındı. İkincisi, ən mühümü, bu addımla Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tam təmin etmək əzmində olduğunu ortaya qoydu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
O bildirib ki, regionda münaqişənin davam etməsində maraqlı olan və sülhə maneçilik törədən bir sıra dövlətlər bu məntəqənin qurulmasına qarşı çıxsalar da, Azərbaycanın, onun liderinin qətiyyəti qarşısında aciz qaldılar.
“Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı və sonrakı proseslərdə olduğu kimi bu məsələdə də son dərəcə prinsipial, qətiyyətli mövqe nümayiş etdirdi. Bütün beynəlxalq təzyiqlərə, məntəqənin ləğv edilməsi yönündə müxtəlif cəhdlərə və iradlara baxmayaraq, Azərbaycan öz suveren hüquqlarını qoruyaraq bu təzyiqləri dəf etdi”, – deyə S.Alıyev vurğulayıb.
Bu addımı torpaqlarımız üzərində suverenliyimizin tam təmini yolunda tarixi bir hadisə kimi qiymətləndirən deputat xüsusilə qeyd edib ki, Azərbaycan bu strateji hədəfə həm də “yumşaq güc” tətbiq etməklə nail oldu. Vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi uzunmüddətli etiraz aksiyaları bu məntəqənin qurulması üçün zəmin yaratdı və proses Xankəndində Azərbaycanın üçrəngli bayrağının dalğalanması ilə bitdi. Nəticədə Azərbaycan sübut etdi ki, ərazi bütövlüyünü təmin etmək üçün təkcə hərbi gücdən deyil, həm də diplomatik və ictimai rəyə əsaslanan “yumşaq güc” metodlarından ustalıqla istifadə edə bilir.
