İyulun 29-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 – Çağrı Mərkəzinə rayon ərazisində yerləşən “Real” kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub. Bununla yanaşı, “Real” kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.
