Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva deyib.
O bildirib ki, son illər Azərbaycanın xarici siyasətində müşahidə olunan əsas xətt ölkənin regional çərçivədən çıxaraq qlobal siyasi və iqtisadi proseslərin fəal iştirakçısına çevrilməsidir. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya geosiyasətinin mühüm aktorlarından biri kimi qəbul olunur. Rəsmi Bakı müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi balanslı və praqmatik siyasət nəticəsində həm Qərb, həm Türk dünyası, həm Mərkəzi Asiya, həm də Yaxın Şərq istiqamətində etibarlı tərəfdaş imicini möhkəmləndirib.
“Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsas səbəbi dəyişən dünya düzənini düzgün oxuya bilməsidir. Çünki artıq beynəlxalq münasibətlər yalnız dövlətlərarası diplomatiya ilə məhdudlaşmır. Qlobal proseslərdə beynəlxalq təşkilatlar, transmilli korporasiyalar, enerji şirkətləri, logistika şəbəkələri və maliyyə institutları da mühüm rol oynayır. Azərbaycan isə məhz bu mürəkkəb maraqlar sistemində balans yaratmağa nail olub. COP29 və WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu qərarlar, əslində, beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi siyasi etimadın göstəricisidir. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlarının minlərlə nümayəndəsinin Bakıda bir araya gəlməsi ölkəmizin təhlükəsizlik, sabitlik və infrastruktur baxımından etibarlı platformaya çevrildiyini nümayiş etdirir. Bu isə birbaşa Azərbaycanın geosiyasi çəkisini artırır.
Bu gün beynəlxalq tədbirlərə ev sahibliyi etmək yalnız protokol xarakterli məsələ deyil, həm də siyasi güc nümayişidir. Dövlət özünü qlobal dialoq mərkəzi kimi təqdim edir. Beynəlxalq gündəliyin formalaşmasında iştirak edərək, siyasi nüfuzunu genişləndirir. Azərbaycan artıq bu mərhələyə daxil olub.
Digər mühüm məsələ strateji tərəfdaşlıqların genişləndirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan enerji, nəqliyyat, təhlükəsizlik və iqtisadiyyat sahələrində mühüm beynəlxalq layihələrin əsas iştirakçılarından birinə çevrilib. Avropa İttifaqı ilə enerji əməkdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesləri, Mərkəzi Asiya ilə tranzit əlaqələrinin gücləndirilməsi və Yaxın Şərq ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın diplomatik təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb”, – deyə Y.Hacıyeva vurğulayıb.
Politoloqun sözlərinə görə, Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiya xüsusi yer tutur. Müasir dünyada siyasi nüfuz birbaşa iqtisadi imkanlarla bağlıdır. Məhz buna görə də Azərbaycan beynəlxalq investisiya forumları, enerji layihələri və nəqliyyat dəhlizləri vasitəsilə öz iqtisadi çəkisini artırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas mərkəzlərindən birinə çevrilən Azərbaycan, sadəcə, enerji ixracatçısı deyil, həm də Avrasiyanın strateji logistika qovşağıdır. Bu reallıq ölkəyə həm siyasi, həm də iqtisadi üstünlüklər qazandırır. Çünki qlobal enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynayan dövlətlərin beynəlxalq qərarvermə proseslərinə təsir imkanları da artır.
“Azərbaycanın xarici siyasətinin mühüm üstünlüklərindən biri də milli maraqları ardıcıl və prinsipial şəkildə müdafiə edə bilməsidir. Rəsmi Bakı beynəlxalq platformalarda regional təhlükəsizlik, enerji təhlükəsizliyi, multikulturalizm və beynəlxalq hüquq prinsipləri ilə bağlı mövqeyini açıq şəkildə ifadə edir. Bu isə Azərbaycanın beynəlxalq siyasətdə müstəqil xətt yürüdən dövlət kimi qəbul olunmasına səbəb olur.
Ən vacib məqamlardan biri isə odur ki, Azərbaycan yalnız xarici siyasətdə deyil, daxili idarəetmədə də qlobal təcrübəni tətbiq etməyə çalışır. Beynəlxalq tədbirlər vasitəsilə rəqəmsallaşma, innovasiya, ekologiya və dövlət idarəçiliyi sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi ölkənin modernləşmə prosesinə ciddi töhfə verir.
Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasəti artıq klassik diplomatiya çərçivəsindən çıxaraq geoiqtisadi və geostrateji təsir mexanizminə çevrilib. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq sistemdə söz sahibi olan, regional proseslərə təsir göstərə bilən və qlobal layihələrdə fəal iştirak edən güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirir”,-deyə o əlavə edib.
