Prezident İlham Əliyevin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində etdiyi çıxış yalnız şəhərsalma məsələlərinə dair baxış deyil, eləcə də Azərbaycanın dövlətçilik fəlsəfəsini, milli inkişaf modelini və geosiyasi mövqeyini əks etdirən mühüm strateji mesajlar toplusudur. Dövlətimizin başçısının çıxışında, xüsusilə diqqət çəkən məqam Azərbaycanın tarixi-mədəni irslə müasir inkişaf arasında qurduğu balansın siyasi konsepsiya kimi təqdim olunmasıdır. Həmçinin Azərbaycanın şəhərsalma ənənələrinin qədim dövlətçilik tarixinin ayrılmaz hissəsi kimi təqdim edilməsi təsadüfi deyil.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O deyib: “Prezidentin çıxışında Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı, Şəki və Şuşa kimi şəhərləri xüsusi vurğulaması onu göstərir ki, Azərbaycan yalnız enerji resursları üzərində formalaşmış müasir dövlət deyil, minillik şəhər mədəniyyəti yaratmış sivilizasiya məkanıdır. Ona görə də Azərbaycan urbanizasiya prosesinə sonradan qoşulan ölkə kimi yox, Şərq və Qərb memarlıq ənənələrinin qovuşduğu tarixi mərkəz kimi çıxış edir. Dövlətimizin başçısının çıxışında xüsusi vurğulanan digər mühüm istiqamət isə XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələyə keçməsi idi. Bu mərhələ, xüsusilə Bakının neft sənayesi ilə əlaqədar sürətli inkişafı fonunda formalaşdı. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan modernləşməni milli kimliyin itirilməsi hesabına həyata keçirmədi. Əksinə, qədim memarlıq nümunələri qorunmaqla müasir şəhər infrastrukturu quruldu. Prezidentin “qədimliklə yenilik arasında təbii vəhdət” ifadəsi əslində Azərbaycanın dövlət idarəçiliyinin ideoloji xəttini əks etdirir. Bu model milli-mənəvi irsin qorunması ilə qlobal inkişaf çağırışlarının uzlaşdırılmasına əsaslanır”.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin çıxışının əsas siyasi və strateji mesajı isə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma siyasəti ilə bağlı idi. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr bu gün dünyada postmünaqişə dövrünün bərpa prosesinə dair ən genişmiqyaslı proqramlardan biridir. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması beynəlxalq ictimaiyyətə erməni işğalının real nəticələrinin göstərilməsi nöqteyi-nəzərindən ciddi diplomatik mesajdır. Burada diqqət çəkən əsas məqam Azərbaycanın dağıdılmış ərazilərdə yalnız bərpa işləri aparmaması, paralel şəkildə “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji, müasir logistika və dayanıqlı urbanizasiya modelini tətbiq etməsidir. Məhz bu məqam Azərbaycanın şəhərsalmada unikal model formalaşdırdığını göstərir. Çünki dünyanın bir çox postmünaqişə bölgələrində illərlə yalnız humanitar yardım və təhlükəsizlik məsələləri müzakirə olunduğu halda, Azərbaycan qısa müddətdə hava limanları, tunellər, dəmir yolları, sənaye zonaları, məktəblər və xəstəxanalar inşa edib. Bu dövlətin maliyyə, idarəetmə və strateji planlaşdırma potensialının göstəricisidir.
“Prezident İlham Əliyevin çıxışında xüsusi önəm daşıyan digər xətt Azərbaycanın beynəlxalq platforma kimi artan rolunun vurğulanmasıdır. Müharibələrin və geosiyasi qarşıdurmaların artdığı bir dövrdə Azərbaycanın həm COP29, həm də WUF13 kimi qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi ölkənin beynəlxalq etimadının kifayət qədər yüksək olduğunun göstəricisidir. Ölkəmiz bu tədbirlər vasitəsilə özünü yalnız regional güc kimi deyil, qlobal dialoq və təhlükəsiz əməkdaşlıq platforması kimi təqdim edir. Bu xüsusilə vacib geosiyasi mesajdır. Çünki müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız hərbi və iqtisadi imkanlarla deyil, həm də beynəlxalq platformalar yaratmaq, dialoq mühiti formalaşdırmaq və qlobal gündəmdə iştirak etmək qabiliyyəti ilə ölçülür. Azərbaycan isə artıq Cənubi Qafqazda yalnız enerji və nəqliyyat mərkəzi deyil, eləcə də beynəlxalq siyasi-humanitar dialoqun təşkil olunduğu təhlükəsiz məkan statusu qazanır”,- deyə A.Qurbanova əlavə edib.
