Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində imzalanmış ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə qarşıdakı dövr üçün siyasi və iqtisadi əməkdaşlığın yol xəritəsini müəyyən edir. Bu sənəd münasibətləri ayrı-ayrı səfər və görüşlər səviyyəsindən çıxararaq dövlət qurumları, biznes dairələri və ekspertlər arasında davamlı iş formatına keçirə bilər. Bu, xüsusilə vacib məqamdır. Çünki strateji tərəfdaşlıq yalnız siyasi bəyanatlardan ibarət olmamalı, hər iki ölkənin qarşılıqlı ehtiyaclarının ödənilməsinə xidmət edən praktiki nəticələr yaratmalıdır. Azərbaycan Almaniya üçün enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından etibarlı tərəfdaşdır. Almaniya isə Azərbaycan üçün qabaqcıl texnologiyalar, sənaye və Avropa bazarına çıxış imkanları baxımından mühüm ölkədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.
Siyasi şərhçinin fikrincə, səfərin ən praktik nəticələrindən biri Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı əldə olunan razılıqdır. Bu Şura formal müzakirə platforması kimi qalmamalı, şirkətlər arasında birbaşa əlaqələrin yaradılması, investisiya layihələrinin hazırlanması, texnologiya transferi və Azərbaycan məhsullarının Almaniya bazarına çıxarılması üçün real əlaqələndirmə mərkəzinə çevrilməlidir. Kansler Fridrix Mertsin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin Almaniya üçün də zəruri olduğunu bildirməsi Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə verilən mühüm siyasi qiymətdir. Prezident İlham Əliyevin Almaniyanın sülh prosesinə verdiyi töhfəni xüsusi vurğulaması da tərəflər arasında qarşılıqlı etimadın mövcudluğunu göstərir.
C. Hüseynzadə qeyd edib ki, tarixi təcrübəyə nəzər saldıqda Almaniyanın regionla bağlı məsələlərdə bəzi Qərb ölkələri ilə müqayisədə daha praqmatik və balanslı mövqe nümayiş etdirdiyini görürük. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Almaniyanın qaz və digər enerji mənbələrinin şaxələndirilməsində maraqlı olması əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
“Hesab edirəm ki, rəsmi Bakı siyasi dialoqun iqtisadi nəticələrə çevrilməsi, enerji əməkdaşlığının genişləndirilməsi və eyni bu proseslərin nəticəsində Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına beynəlxalq dəstəyin artırılması istiqamətində uğurlu addımlar atır. Almaniya səfəri də bu siyasətin konkret və əhəmiyyətli nəticələrindən biri kimi qiymətləndirilməlidir”, – deyə o əlavə edib.
