Son illər Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki ölkə arasında siyasi dialoqun daha da möhkəmlənməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb olub. Xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü ilə Azərbaycanın təşəbbüs və iştirakı ilə inkişaf etdirilən Orta Dəhlizin imkanlarının üst-üstə düşməsi əməkdaşlığın perspektivlərini daha da genişləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.
Onun sözlərinə görə, müasir geosiyasi və geoiqtisadi şəraitdə Azərbaycan ilə Çin arasında formalaşan tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya məkanının iqtisadi inkişafına təsir göstərən mühüm amillərdən birinə çevrilib: “Son illər dövlət başçıları arasında qarşılıqlı etimad və yüksəksəviyyəli siyasi dialoq iqtisadi əlaqələrin sürətlə genişlənməsinə mühüm təkan verib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və tranzit potensialı Çinin Avropa bazarlarına çıxışında ölkəmizin rolunu əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, Çin üçün Azərbaycan yalnız tranzit məntəqəsi deyil, həm də investisiya və sənaye əməkdaşlığı baxımından perspektivli tərəfdaş hesab olunur”.
Samir Heydərov qeyd edib ki, Çin şirkətləri artıq uzun illərdir Azərbaycanda müxtəlif istiqamətlər üzrə uğurla fəaliyyət göstərirr. İnformasiya texnologiyaları, telekommunikasiya, sənaye, tikinti, enerji, logistika və nəqliyyat sahələrində həyata keçirilən layihələr iqtisadi əməkdaşlığın miqyasını davamlı şəkildə genişləndirir. Xüsusilə “Huawei” şirkətinin ölkəmizdə rəqəmsal transformasiya, “Ağıllı şəhər”, “Ağıllı kənd”, süni intellekt həlləri və informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirdiyi layihələr Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasına mühüm dəstək verir.
Ekspert vurğulayıb ki, Çin kapitallı şirkətlərin fəaliyyəti yalnız iri şəhərlərlə məhdudlaşmır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işləri də Çin investorlarının diqqət mərkəzindədir. Bu bölgələrdə nəqliyyat infrastrukturu, enerji sistemləri, sənaye obyektləri və rəqəmsal xidmətlər üzrə həyata keçiriləcək layihələr gələcək əməkdaşlığın yeni istiqamətlərini formalaşdıra bilər.
Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən, 1995-ci ildən etibarən Çinin Azərbaycana birbaşa investisiyalarının həcmi təxminən 920 milyon dollara çatıb. Hazırda ölkəmizdə Çin kapitallı 375 şirkət qeydiyyatdan keçib ki, onların 298-i aktiv fəaliyyət göstərir. Bu göstəricilər Çin biznes dairələrinin Azərbaycan iqtisadiyyatına artan marağını açıq şəkildə nümayiş etdirir. “Azərbaycanın həyata keçirdiyi nəqliyyat siyasəti ölkəni Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm logistika qovşağına çevirib. Bu baxımdan Orta Dəhliz son illərdə qlobal yükdaşımalar üçün ən perspektivli marşrutlardan biri kimi ön plana çıxır. Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə xətti ilə Avropaya uzanan bu marşrut həm məsafə, həm də vaxt baxımından alternativ nəqliyyat dəhlizləri ilə müqayisədə mühüm üstünlüklərə malikdir. Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində dəhlizin ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu infrastrukturu, avtomobil magistralları və rəqəmsal gömrük sistemləri yükdaşımaların daha operativ və səmərəli həyata keçirilməsinə imkan yaradır”.
Samir Heydərov əlavə edib ki, son illərdə Çindən Azərbaycana və Azərbaycan üzərindən Avropa istiqamətində daşınan konteyner yüklərinin həcmi davamlı şəkildə artır. Dünya Bankının qiymətləndirmələrinə əsasən, 2030-cu ilədək Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2021-ci illə müqayisədə üç dəfə arta, daşınma müddəti isə təxminən iki dəfə azala bilər. Bu isə marşrutun beynəlxalq rəqabət qabiliyyətini daha da yüksəldəcək.
Ekspert bildirib ki, Orta Dəhlizin inkişafı Azərbaycan iqtisadiyyatı üçün çoxşaxəli üstünlüklər yaradır. İlk növbədə tranzit gəlirləri artır, logistika və nəqliyyat sektoru inkişaf edir, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının regional əhəmiyyəti daha da yüksəlir. Eyni zamanda, qeyri-neft sektoruna investisiyalar cəlb olunur, sənaye və xidmət sahələrində yeni müəssisələr yaradılır, minlərlə yeni iş yeri açılır. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
“Ticarət göstəricilərində də müsbət dinamika müşahidə edilir. Belə ki, 2024-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,7 milyard dollara çatıb. 2025-ci ildə isə ümumi ticarət dövriyyəsi təxminən 4,87 milyard dollar təşkil edib. Bunun 4,79 milyard dollar Çindən Azərbaycana idxalın, təxminən 84 milyon dollar isə Azərbaycandan Çinə ixracın payına düşüb. Çin hazırda Azərbaycanın ən böyük idxal tərəfdaşı olmaqla yanaşı, ümumi xarici ticarət dövriyyəsində təxminən 10 faiz paya malikdir. Bu göstəricilər iki ölkə arasında iqtisadi əməkdaşlığın sürətlə genişləndiyini təsdiqləyir”, – deyə o qeyd edib.
Ekspert hesab edir ki, gələcək dövrdə iqtisadi əməkdaşlığın əsas istiqamətləri sırasında sənaye parklarında birgə istehsal müəssisələrinin yaradılması, yaşıl enerji layihələri, elektromobil sənayesi, bərpaolunan enerji avadanlıqlarının istehsalı, rəqəmsal texnologiyalar, süni intellekt, elektron ticarət platformalarının inkişafı və logistika xidmətlərinin genişləndirilməsi xüsusi yer tutacaq. Bu istiqamətlər Azərbaycanın innovativ iqtisadiyyat modelinə keçidini sürətləndirə və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin inkişafına töhfə verə bilər.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu iqtisadi və nəqliyyat strategiyası nəticəsində ölkə qlobal ticarət marşrutlarının əsas iştirakçılarından birinə çevrilib. Bu strategiya həm beynəlxalq yükdaşımaların artmasına, həm də ölkənin investisiya cəlbediciliyinin yüksəlməsinə şərait yaradıb. Çinlə əməkdaşlığın genişlənməsi isə bu siyasətin mühüm nəticələrindən biridir: “Azərbaycan–Çin iqtisadi münasibətlərinin gələcəyi olduqca perspektivlidir. Qarşılıqlı investisiyaların artması, tranzit imkanlarının genişlənməsi, yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi və Orta Dəhlizin beynəlxalq əhəmiyyətinin yüksəlməsi Azərbaycanın regional logistika və sənaye mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Bu əməkdaşlıq yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə Avrasiya məkanında dayanıqlı ticarət, nəqliyyat və iqtisadi inteqrasiyanın inkişafına mühüm töhfə verəcək”.
