Son illər Azərbaycanın ev sahibliyi ilə keçirilən bir sıra tədbirlər artıq qlobal miqyaslı platformalarda öz yerini alıb. Qlobal Bakı Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və bu kimi beynəlxalq əhəmiyyətli tədbirlər sırasına Şuşa Qlobal Media Forumu da əlavə olunub. Artıq Bakının “yumşaq güc” və uğurlu xarici siyasət strategiyasına media diplomatiyası da əlavə olunub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin iştirakı ilə işə başlayan IV Şuşa Qlobal Media Forumu da bu xüsusiyyətə malikdir. Dünyanın bir çox ölkəsindən 160-dan artıq media təmsilçiləri və tanınmış ekspertlərin iştirakı ilə keçirilən Forum 3 əsas məqamı ilə diqqət çəkir. Bunlardan birincisi Qlobal Media Forumunun bu sahədə əməkdaşlıq platformasına çevrilməsidir. Artıq dördüncü dəfə keçirilən foruma iştirakçı marağının artması və tədbirə qatılanların say tərkibinin geniş olması bunu təsdiqləyir. Əgər üçüncü forumda 52 ölkədən 140-a yaxın iştirakçı qatılmışdısa, budəfəki forumda iştirakçı sayı 160-dan çox təşkil edir. Eyni zamanda, iştirakçı ölkələrin siyahısında da artım tendensiyası müşahidə edilir. Bu da öz-özlüyündə dünyanın aparıcı media qurumları və tanınmış simalarının Qlobal Media Forumuna bu sahədə əməkdaşlığa töhfə verən bir platforma kimi baxdıqlarının göstəricisidir. Sirr deyil ki, dəqiq və qərəzsiz informasiya ilə yanaşı, dezinformasiya, saxta xəbərlər, kibertəhlükələr kimi problemlər qlobal xarakter daşıyaraq sərhəd tanımır. Bu baxımdan media sahəsində beynəlxalq əməkdaşlıq və birgə fəaliyyət sadaladığımız problemlərin həllində mühüm rol oynaya bilər. Bunun üçün də Azərbaycan bu sahədə əməkdaşlığa xidmət edən platforma təqdim edib. Tədbir boyunca forum iştirakçıları müxtəlif ölkələrin təcrübələrini bölüşməklə yanaşı, müasir jurnalistikanın inkişaf istiqamətlərini müzakirə edib və gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
“Forumu əhəmiyyətli edən digər bir məqam onun azad Qarabağda keçirilməsidir. Qlobal Media Forumunun Azərbaycan dövlətinin işğaldan azad etdiyi şəhər və rayonlarda həyata keçirdiyi infrastruktur layihələri, şəhərsalma, Böyük Qayıdış prosesinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm önəmi var. Forum iştirakçıları Azərbaycanın regionda yaratdığı yeni reallıqları öz gözləri ilə görərək bunu çalışdıqları media qurumları vasitəsilə həm yaşadıqları ölkələrin cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdırdılar ki, bu da ümumilikdə ölkəmizin təqdimatı baxımından müsbət addımdır. Nəzərə alsaq ki, Qlobal Media Forumu mədəniyyət ocağımız sayılan Şuşada keçirildi, bu həm də Qarabağın mədəni irsinin iştirakçılar tərəfindən öyrənilməsi deməkdir. Eyni zamanda, Şuşada belə nüfuzlu beynəlxalq tədbirin keçirilməsi şəhərin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu daha da gücləndirir. Qeyd etmək lazımdır ki, tarixi və mədəni əhəmiyyətə malik olan Şuşa son illərdə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu mənada müxtəlif formatlı tədbirlərdə iştirak edən nümayəndələrin şəhərlə yaxından tanış olması Azərbaycanın mədəni irsi və regionun inkişafı haqqında birbaşa məlumat əldə etmələrinə də imkan yaradır”,- deyə deputat diqqətə çatdırıb.
Onun fikrincə, IV Şuşa Qlobal Media Forumunun diqqətçəkən cəhətlərindən biri də tədbirin mövzusu və bu platformadan verilən sülh mesajları oldu. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan Forum Azərbaycanın beynəlxalq sülh gündəliyinin və dialoq təşəbbüslərinin bir daha nümayiş etdirildiyi mühüm platforma kimi çıxış etdi.
