Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyan hadisələrdən biri də iyulun 1-də Avropa Komissiyası Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə işgüzar səfəri olub. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun, həmçinin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayan bu səfər çərçivəsində Prezident İlham Əliyevin Avropa Ursula Fon der Lyayen ilə təkbətək, həmçinin geniş tərkibdə görüşü olub, onlar mətbuata bəyanatlarla çıxış ediblər. Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələdə olduğunu əsaslı şəkildə diqqətə çatdıran Prezident İlham Əliyev bu ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Azərbaycanda səfər etdiyini xatırladıb. Bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı sürətlə inkişaf edir. Əlaqələri genişləndirmək və tərəfdaşlığı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərdə görünməmiş dinamika müşahidə olunur.
Azərbaycanın bu gün Avropa İttifaqının strateji tərəfdaşı olduğunu bildirən Ursula Fon der Lyayen isə vurğulayıb ki, münasibətlər möhkəm təməllər üzərində inkişaf edir. Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı rolunda çıxış etməsini yüksək dəyərləndirən Avropa Komissiyasının Prezidenti onu da qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə hərtərəfli dəstək göstərməyə hazırdır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov söyləyib.
Deputat bildirib ki, görüşdə, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, etibarlı tərəfdaş olması, xüsusilə 2022-ci ilin iyulunda enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizdən Avropa İttifaqının üzv dövlətlərinə qaz ixracının həcminin artması məmnunluqla qeyd edilib. Həmin vaxtdan quruma üzv dövlətlərə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb. Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, ölkəmiz bu coğrafiyanı genişləndirmək potensialına malikdir. Hazırda hər bir ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır.
Deputat deyib ki, Avropa İttifaqı Azərbaycanı yalnız enerji ixracatçısı kimi deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında uzunmüddətli strategiyasının həyata keçirilməsində əsas tərəfdaş kimi qəbul edir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi yeni iqtisadi layihələrin həyata keçirilməsini, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsini şərtləndirir: “Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması diqqət göstərilən əsas məsələlərdən oldu. Prezident İlham Əliyev sülhün artıq reallıq olduğunu önə çəkərək bildirdi ki, lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Dövlətimizin başçısı Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndirib. Bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək. Həmçinin Ursula Fon der Lyayen Avropa İttifaqının Cənubi Qafqaz regionunun parlaq gələcəyinə inandığını bildirib, Avropaya, Xəzər regionuna və Mərkəzi Asiyaya bağlantısı olan Cənubi Qafqaz naminə, həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışmağın vacibliyini söyləyib”.
