İyulun 8-də Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2026” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, SABAH qrupları ötən 10 ildə Azərbaycan ali təhsilində keyfiyyətin yüksəldilməsinə mühüm töhfə verərək sistemin brendinə çevrilib. SABAH proqramı Azərbaycan ali təhsilinin islahat hekayəsidir.
Daha sonra SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Tədbirin ənənəvi hissəsi olan rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi keçirilib.
Sonra çıxış edən 2018-ci il UNEC-in SABAH məzunu, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova bildirib ki, SABAH qruplarında təhsil alması onun peşəkar inkişafında mühüm rol oynayıb. O vurğulayıb ki, layihə tələbələrə müasir bilik və bacarıqlar qazandırmaqla onların gələcək karyera imkanlarının genişlənməsinə töhfə verir.
Ardınca təhsil müddətində yüksək akademik göstəriciləri ilə fərqlənən SABAH məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.
Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri təqdim olunub.
Qeyd edək ki, 2025/2026-cı tədris ilində 11 ali təhsil müəssisəsi üzrə 1285 bakalavr və 452 magistrin SABAH qruplarından məzun olması nəzərdə tutulur. Hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 2785 tələbəni və ümumilikdə 8212 məzunu əhatə edir.
