Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri hər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, mövcud tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün ciddi siyasi iradənin mövcud olduğunu təsdiqləyib. Prezidentlərin mətbuata verdikləri bəyanat ölkəmizin beynəlxalq əməkdaşlıq siyasətinin ardıcıl və strateji xarakter daşıdığını bir daha aydın şəkildə nümayiş etdirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O qeyd edib ki, Azərbaycan və Latviya arasında illər ərzində formalaşan etibarlı tərəfdaşlıq münasibətləri artıq konkret nəticələr verən əməkdaşlıq modelinə çevrilib. Xüsusilə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə çərçivəsində qurulan hüquqi baza əlaqələrin dayanıqlı inkişafını təmin edən mühüm amillərdəndir. Dövlətimizin başçısının da vurğuladığı kimi, bu çərçivə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır və tərəfləri daha sıx fəaliyyətə təşviq edir.
“Qarabağ bölgəsində, xüsusilə Şuşa şəhərində keçirilən Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası Azərbaycanın postmünaqişə dövründə regional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımların bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərinin beynəlxalq iqtisadi və siyasi proseslərə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Həmçinin iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir. Keçirilən biznes forumlar və müzakirə olunan layihələr göstərir ki, hər iki ölkənin iqtisadi potensialı qarşılıqlı faydalı şəkildə reallaşdırıla bilər. Bu baxımdan, ticarət dövriyyəsinin artırılması və birgə istehsal sahələrinin yaradılması real və perspektivli hədəflər kimi çıxış edir.
Humanitar sahədə əməkdaşlıq da xüsusi önəm kəsb edir. Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayı ölkələrimiz arasında mədəni və elmi əlaqələrin inkişaf etdiyini göstərir. Bu, gələcək əməkdaşlıq üçün möhkəm sosial baza formalaşdırır”, – deyə deputat bildirib.
Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunması istiqamətində prinsipial və konstruktiv mövqe sərgilədiyini diqqətə çatdıran Fatma Yıldırım sonda əlavə edib: “Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamika, dialoq və qarşılıqlı addımlar regionda uzunmüddətli sülhün mümkünlüyünü nümayiş etdirir. Bu yanaşma beynəlxalq hüquqa əsaslanan ədalətli mövqenin təzahürü olmaqla yanaşı, digər münaqişə ocaqları üçün də nümunə təşkil edə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Latviya münasibətləri möhkəm təməl üzərində qurulub və gələcəkdə daha da genişlənərək yeni strateji istiqamətlər üzrə inkişaf edəcək. Bu münasibətlərin əsasında isə qarşılıqlı hörmət, etimad və uzunmüddətli tərəfdaşlıq prinsipləri dayanır”.
