Bəzən tarix elə hadisələr yaradır ki, aradan bir əsr keçsə də, onların mənəvi yükü və siyasi əhəmiyyəti dəyişmir. Bakıda 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultay məhz belə tarixi hadisələrdəndir. O zaman Azərbaycan paytaxtında səslənən fikirlər yalnız elm adamlarının müzakirələri deyildi. Bu, parçalanmış Türk dünyasının ortaq dili, ortaq yaddaşı və ortaq gələcəyi ilə bağlı irəli sürülən ilk genişmiqyaslı intellektual manifest idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.
O qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması da təsadüfi deyil. Yubileyin keçirilməsi təşəbbüsünün ilk dəfə Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülməsi əlamətdar hadisədir.
“Bu ardıcıllıq Azərbaycanın bu gün Türk dünyasının ortaq tarixi yaddaşını qoruyan, onu gələcəyə daşıyan və bu istiqamətdə təşəbbüslərlə çıxış edən aparıcı dövlətlərdən biri olduğunun açıq nümunəsidir. Belə ki, Birinci Türkoloji Qurultayın da ən böyük nailiyyəti qəbul etdiyi qərarlardan daha çox, yaratdığı mənəvi və intellektual mühit idi. Bu ruh türk xalqlarının bir-birini daha yaxından tanımasına, ortaq elmi mühit formalaşdırmasına, milli kimliyini qorumasına və zəngin mədəni irsini gələcək nəsillərə ötürməsinə xidmət edirdi. Bu gün isə Türk Dövlətləri Təşkilatının institusional güclənməsi, ortaq əlifba istiqamətində aparılan işlər, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsi 1926-cı ildə Bakıda qoyulan ideoloji təməlin müasir dövrdə davamı kimi qiymətləndirilə bilər. Azərbaycanın bu prosesdə rolu xüsusi əhəmiyyət daşıyır. Bir əsr əvvəl Türk dünyasının ziyalılarını Bakıda bir araya gətirən ölkə bu gün də türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar və mədəni inteqrasiyanın əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı təşəbbüsü də tarixi irsin müasir dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyinin nümayişidir”, – deyə deputat vurğulayıb.
Ülviyyə Həmzəyeva Birinci Türkoloji Qurultayın 100 illiyinin, sadəcə, bir yubiley olmadığına diqqət çəkib. O vurğulayıb ki, bu, yüz il əvvəl Bakıda yandırılan elmi və mənəvi məşəlin bu gün də sönmədiyini, əksinə, Türk dünyasının ortaq gələcəyinə işıq salmağa davam etdiyini göstərən mühüm tarixi hadisədir.
