Azərbaycan Universiteti 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, qəbul planına əsasən, universitet üzrə ümumilikdə 1155 yer ayrılıb. Bu yerlərin 1035-i Azərbaycan, 120-si isə ingilis bölməsinin payına düşür.
Azərbaycan Universiteti dövlət sifarişi üzrə tələbə qəbulunun müsabiqəsində də iştirak edir. Bakalavriat səviyyəsində universitetin bütün ixtisasları üzrə dövlət sifarişi əsasında qəbul mümkündür. Eyni zamanda, tələbələrə qəbul formasından asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd almaq imkanı yaradılır. 2026/2027-ci tədris ili üzrə qəbul planı formalaşdırılarkən abituriyentlərin seçim meyilləri ilə yanaşı, əmək bazarının mövcud və perspektiv tələbləri də nəzərə alınıb. Həm abituriyentlər arasında populyarlığı ilə seçilən, həm də əmək bazarında yüksək tələbat və perspektivli karyera imkanları vəd edən istiqamətlər üzrə qəbul yerlərinin artırılmasına üstünlük verilib. Universitet tələbələrin beynəlxalq akademik və peşəkar mühitə inteqrasiyasını, eləcə də rəqabətqabiliyyətli mütəxəssis hazırlığını dəstəkləmək məqsədilə bir sıra ixtisaslar üzrə ingilis bölməsinə qəbulu da davam etdirir.
Bu il informasiya təhlükəsizliyi, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment, mühasibat, turizm işinin təşkili və sosial iş ixtisasları üzrə həm Azərbaycan, həm də ingilis bölməsinə qəbul aparılacaq. Universitetdə diqqət ixtisas sayının artırılmasından daha çox, mövcud təhsil proqramlarının təkmilləşdirilməsinə, tədris məzmununun yenilənməsinə və praktiki yönümlülüyün gücləndirilməsinə yönəldilib. Bu məqsədlə əmək bazarında formalaşan yeni kompetensiyalar, işəgötürənlərin gözləntiləri və ölkənin strateji inkişaf prioritetləri nəzərə alınaraq bakalavriat səviyyəsində tədris planları yenidən işlənib. Seçmə fənlər blokunda müvafiq dəyişikliklər aparılıb, rəqəmsal bacarıqların, analitik düşüncənin, innovasiya və sahibkarlıq kompetensiyalarının inkişafına xidmət edən yeni fənlər tədris planlarına daxil edilib. Bununla yanaşı, mövcud fənlərin məzmunu müasir yanaşmalar əsasında yenilənib.
Azərbaycan Universitetində həyata keçirilən bu dəyişikliklər tələbələrin yalnız nəzəri biliklər əldə etməsinə deyil, həm də real iş mühitində tələb olunan praktiki bacarıqları formalaşdırmasına xidmət edir. Mövcud təhsil proqramlarının müasir çağırışlara uyğun şəkildə təkmilləşdirilməsi universitetin beynəlxalq səviyyədə tanınan keyfiyyət göstəricilərində də öz əksini tapır. Universitet təhsil proqramlarının keyfiyyətinin davamlı inkişafını, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığını və tələbələrin beynəlxalq akademik və peşəkar mühitə inteqrasiyasını prioritetlərindən biri kimi müəyyənləşdirib.
