Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin İnkişaf və Karyera Mərkəzi” və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi Xızı gəncləri üçün xidmət göstərir.
Bu barədə AZƏRTAC-a Gənclər Fondundan məlumat verilib.
Bildirilib ki, “Gənclərlə, gənclər üçün” devizi altında keçirilən layihənin əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etməkdir.
Layihənin Xızıda keçirilən açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəsmi hissədə Xızı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ceyhun İsgəndərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin şöbə müdiri Jalə Həsənova çıxış edərək, layihənin region gəncləri üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün onların intellektual və sosial potensiallarının üzə çıxarılmasında oynadığı rolu xüsusi qeyd ediblər.
Tədbir zamanı iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri maarifləndirici görüşlər və Xızı Peşə Məktəbi isə sərgi təşkil edib. Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə müxtəlif istiqamətləri əhatə edən təlimlər təşkil olunub. Peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə gənclərə ixtisas və peşə seçimi, karyera hədəflərinin müəyyənləşdirilməsi, müasir əmək bazarının tələbləri, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və bu imkanlardan səmərəli istifadə yolları ilə bağlı faydalı məlumatlar təqdim olunub. Gənclər mövzular üzrə interaktiv sessiyalarda fəal iştirak edərək, mütəxəssislərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavablar alıblar. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.
Layihənin beşgünlük proqramı müddətində Xızı rayonunun gəncləri “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edəcək, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.
Qeyd edək ki, layihə çərçivəsində Xızıda avqustun 10-da başlayan tədbirlər ayın 14-də başa çatacaq.
Xatırladaq ki, bu il üzrə artıq səkkizinci dayanacağındakı fəaliyyətini uğurla davam etdirən “Səyyar Gənclər Xidməti” layihəsi noyabr ayınadək ümumilikdə 20 şəhər və rayonu əhatə edəcək.
