Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində öz stendi ilə təmsil olunur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən bildirilib.
Universitetdən verilən məlumata görə, sərgi iştirakçıları – abituriyentlər, valideynlər və müəllimlər universitetin qəbul planı, təqaüd imkanları, xaricdə təhsil və akademik mübadilə proqramları, tələbə həyatı, maddi-texniki bazası və digər üstünlükləri barədə ətraflı məlumat əldə edə bilirlər. Ziyarətçilərin sualları universitet əməkdaşları tərəfindən cavablandırılır.
Sərgi çərçivəsində iyulun 31-dək hər gün saat 14:00–15:00-da 405 nömrəli otaqda Azərbaycan Universitetinin abituriyentlər üçün xüsusi təqdimatı keçirilir. Təqdimatlarda universitetin təhsil imkanları, ixtisaslar və tələbələr üçün yaradılan şərait haqqında ətraflı məlumat verilir.
Qeyd edək ki, sərgi DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. Tədbirin əsas məqsədi abituriyentləri ixtisas seçimindən əvvəl ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onlara düzgün ixtisas seçimi etmələrində dəstək göstərməkdir.
