Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, məhz bu infrastruktur siyasəti nəticəsində kənd təsərrüfatı artıq yalnız sosial sahə deyil, iqtisadi artımın əsas istiqamətlərindən birinə çevrilir: “Qlobal miqyasda davam edən müharibələr, logistika zəncirlərinin pozulması, enerji böhranı və iqlim dəyişiklikləri bütün dövlətləri daxili ərzaq istehsalını artırmağa vadar edir. Azərbaycanın bəzi strateji məhsullar üzrə idxaldan asılılığı hələ də qalır. Xüsusilə buğda təminatında 55 faiz göstəricisi qəbuledilməz hesab edilir. Hazırda ölkədə 1 milyon 573 min ton daxili istehsala qarşı 1 milyon 267 min ton idxal mövcuddur. Bu isə göstərir ki, aqrar siyasətin əsas hədəfi yalnız istehsalın artırılması deyil, strateji məhsullar üzrə dayanıqlı təminat modelinin qurulmasıdır. Digər tərəfdən tərəvəz, meyvə, bostan məhsulları, şəkər, yumurta və bəzi digər istiqamətlər üzrə Azərbaycanın artıq ixracatçı ölkəyə çevrilməsi kənd təsərrüfatında rəqabət üstünlüyünün formalaşdığını göstərir. Azərbaycan kənd təsərrüfatında subsidiyaların həcmi və müxtəlifliyi baxımından dünyada seçilən ölkələr sırasındadır. Gübrə, yanacaq, güzəştli kreditlər və texnika təminatı fermerlərin istehsal imkanlarını genişləndirən əsas mexanizmlərdir. Lakin yeni mərhələdə əsas diqqət subsidiyaların çevik və nəticəyönümlü idarə edilməsinə yönəlir. Subsidiya siyasəti bazar tələbi, ixrac imkanları və məhsuldarlıq göstəricilərinə uyğun şəkildə hər il yenilənməlidir. Bu yanaşma aqrar sektorda dövlət dəstəyinin daha effektiv istifadəsinə, resursların optimal bölgüsünə və rəqabət qabiliyyətinin yüksəlməsinə imkan verəcək. Son illərdə yaradılmış aqroparklar kənd təsərrüfatının sənayeləşməsi prosesində mühüm rol oynayıb. Müasir texnika, innovativ suvarma sistemləri və rəqəmsal idarəetmə mexanizmləri məhsuldarlığın artmasına ciddi təsir göstərib. Məsələn, taxılçılıqda məhsuldarlıq hektardan 2 tondan 3,2 tona, pambıqçılıqda isə 1 tondan 3,6 tona yüksəlib. Qarşıya qoyulan əsas məqsəd bu göstəriciləri müvafiq olaraq 5 tona çatdırmaqdır. Burada süni intellekt, peyk texnologiyaları, elektron torpaq xəritələri və torpaq pasportlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma kənd təsərrüfatında resursların elmi əsaslarla idarə edilməsinə imkan yaradacaq”.

Tahir Mirkişilinin sözlərinə görə, yeni Dövlət Proqramının sosial-iqtisadi baxımdan ən mühüm istiqamətlərindən biri urbanizasiya prosesinin balanslaşdırılmasıdır: “Məqsəd kəndlərdən şəhərlərə axının qarşısını almaq və əksinə, şəhərdən kəndlərə qayıdış üçün şərait yaratmaqdır. Bu isə yalnız aqrar istehsalla deyil, kəndlərdə sosial infrastrukturun, xidmət sektorunun, təhsil və səhiyyə sisteminin inkişafı ilə mümkündür. Son illərdə regionlarda minlərlə məktəbin tikilməsi, müasir xəstəxanaların istifadəyə verilməsi və yeni məşğulluq imkanlarının yaradılması bu siyasətin praktiki nəticələridir. Azad edilmiş ərazilərdə həyata keçirilən su və aqrar infrastruktur layihələri kənd təsərrüfatının yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən biridir. Suqovuşan, Sərsəng, Xaçınçay və Zabuxçay su anbarlarının bərpası, Bərgüşad və Həkəri layihələrinin icrası Qarabağ və Şərqi Zəngəzurun böyük aqrar potensialını hərəkətə gətirəcək. Həmin ərazilərdə Azərbaycanın su ehtiyatlarının 25 faizi formalaşır. Bu isə gələcəkdə yüz minlərlə hektar torpağın müasir suvarma sistemləri ilə təmin olunmasına imkan yaradacaq. 2026–2030-cu illər Dövlət Proqramının ən mühüm iqtisadi xüsusiyyətlərindən biri dövlət və özəl sektor əməkdaşlığı modelidir. İlkin hesablamalara görə, proqram çərçivəsində dövlət xətti ilə 2 milyard manatdan artıq, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox investisiya yatırılması nəzərdə tutulur. Bu, aqrar sektorun artıq yüksək investisiya potensialına malik strateji iqtisadi sahəyə çevrildiyini göstərir”.
Deputat əlavə edib ki, Prezidentin çıxışında həm yerli, həm də xarici investorlara açıq çağırış etməsi Azərbaycanın kənd təsərrüfatında yeni sənaye və emal mərhələsinə keçdiyini göstərir: “Xüsusilə pambıqçılıqda mahlıc ixracından hazır məhsul istehsalına keçid, intensiv bağçılıq, istixana kompleksləri və aqroemal sənayesinin genişləndirilməsi əlavə dəyər yaradan iqtisadi model formalaşdıracaq. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, 2026-2030-cu illər üzrə Dövlət Proqramı yalnız kənd təsərrüfatının inkişafına deyil, bütövlükdə Azərbaycanın iqtisadi modelinin transformasiyasına xidmət edir. Yeni mərhələdə prioritetlər ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixrac imkanlarının genişləndirilməsi, aqrar emal sənayesinin inkişafı, regionlarda məşğulluğun artırılması, texnoloji modernizasiya və innovasiyaların tətbiqi olacaq. Hesab edirəm ki, Prezidentin müəyyən etdiyi yeni strateji xətt kənd təsərrüfatını sosial dəstək sektorundan çıxararaq Azərbaycanın dayanıqlı iqtisadi inkişafının əsas lokomotivlərindən birinə çevirməyi hədəfləyir”.
