İsrail 2026-cı ilə qədər radikal Fələstin HƏMAS hərəkatının tərksilah edilməsinə nail olmağı planlaşdırır. Bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, hərbi komandir bildirib ki, “2026-cı il İsrail dövlətinin təhlükəsizlik reallıqlarının formalaşması üçün həlledici il olacaq. HƏMAS-ı tərksilah etmək əzmimiz qətiyyətlidir. HƏMAS terror təşkilatının potensialını bərpa etməsinə və bizi təhdid etməsinə imkan verməyəcəyik”.
Zamirin sözlərinə görə, İsrail ordusu Qəzza zolağının içərisindəki Sarı Xətt boyunca mövqelərini möhkəm saxlayır. General bunu “yeni təhlükəsizlik sərhədi” adlandırıb. Sarı Xətt, lazım gələrsə, sürətli və operativ reaksiya verməyə imkan verən möhkəmləndirilmiş müdafiə xəttidir. “Lazım gəldikdə HƏMAS-ı zəiflətməyə davam edəcəyik – qoşunlar ayıq-sayıq olmalı və gələcək inkişaflara hazır olmalıdırlar”, – deyə o bildirib.
