Bakı Dövlət Universiteti (BDU) və Çinin Pekin Kimya Texnologiyası Universiteti (PKTU) arasında kimya ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramına dair müqavilə imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bu ikili diplom proqramı ali təhsilin məzmununun təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetlərin beynəlxalq elm və təhsil məkanında rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm nəticəsidir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, kimya ixtisası üzrə bakalavriat səviyyəsində birgə tədris proqramı həyata keçiriləcək, proqram beynəlxalq akademik standartlara uyğunlaşdırılacaq və tələbələrə hər iki universitetin diplomunu əldə etmək imkanı yaradılacaq. Bu əməkdaşlıq müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcək.
Sənədi BDU-nun rektoru Elçin Babayev və PKTU-nun prezidenti Tan Tianvei imzalayıblar.
İmzalanma mərasimində Çinin ölkəmizdəki səfiri Lu Mey də iştirak edib.
