Almaniyanın yenidən silahlanma proqramının tempi və miqyası Fransada “qorxu və narahatlıq” doğurur. Paris isə bunun regionda güc balansını poza biləcəyindən və yerli müdafiə sektorunu zəiflədə biləcəyindən ehtiyat edir. Bu barədə “Bloomberg” agentliyi adı çəkilməyən Fransa rəsmilərinə istinadən məlumat verir.
Agentlik Fransadakı əhval-ruhiyyəni “şizofrenik” kimi xarakterizə edir. Bir tərəfdən, fransızlar Berlinin müdafiəyə daha çox pul xərcləmək qərarından məmnun qalsalar da, digər tərəfdən, Almaniyanın maliyyə resursları sayəsində Almaniya hərbi-sənaye kompleksinin Avropada aparıcı kompleksə çevriləcəyindən qorxurlar. Bundan əlavə, artan hərbi güclə Berlinin siyasi təsiri də artacaq.
Fransalı Avropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami agentliyə bildirib ki, “Fransanın mövqeyi qeyri-sabitdir və Almaniyanın [əlavə müdafiə xərclərinə] bu qədər qətiyyətlə sadiq qalması, şübhəsiz ki, bizi kənarda qoyacaq bir dinamika yaradacaq. Daxili siyasi qeyri-sabitlik Fransanın geosiyasi təsirini sarsıdır”. (Tass)
